SİYASƏT


Şuşa qurultayı diaspor fəaliyyətində yeni bir mərhələnin başlanğıcı sayıla bilər

Vyana, 19 aprel, AZƏRTAC

Dünya Azərbaycanlılarının V Qurultayının məhz “Şuşa İli”ndə Azərbaycanın dilbər guşəsi olan Qarabağda keçirilməsi həm biz azərbaycanlılar üçün qürurverici və rəmzi məna daşıyır, həm də beynəlxalq ictimaiyyətə yönəlmiş mühüm bir mesajdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın işğaldan azad etdiyi Şuşa şəhərində keçiriləcək bu qurultay ölkəmizin xarici siyasəti ilə yanaşı, diaspor fəaliyyətində də yeni mərhələnin başlanğıcı sayıla bilər.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Vyanada fəaliyyət göstərən Azərbaycan Akademik Birliyinin sədri, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin məsul əməkdaşı, tibb elmləri üzrə fəlsəfə doktoru Kamal Əkbərov bildirib.

Onun sözlərinə görə, Azərbaycan yerləşdiyi regionda yeni reallıqlar yaradıb və Azərbaycan diasporu da bu reallıqlardan çıxış edərək, öz fəaliyyətində yeni istiqamətləri müəyyən etməlidir. Şuşa qurultayı postmüharibə dövründə diaspor fəaliyyətinin təşkili, beynəlxalq təşkilatlar, müxtəlif ölkələrdəki yerli qurumlar, media və digər təsisatlarla aparılan işin yenidən dəyərləndirilməsi, vahid şəbəkə formasında yeni konsepsiyalara əsaslanan tədbir və layihələrin həyata keçirilməsi ətrafında fikir mübadiləsi mümkün olacaq.

K. Əkbərov qeyd edib ki, qurultayda Qarabağın bərpası və yenidən qurulması Azərbaycan diasporunun rolu barədə müzakirələr xüsusi əhəmiyyət daşıyacaq. Onun sözlərinə görə, Avstriyadakı diaspor fəalları bu ölkədəki potensial sərmayəçilərin Azərbaycana cəlb olunması, dövlət-özəl sektor tərəfdaşlığı imkanlarının araşdırılmasına yönəlmiş fəaliyyət onun üçün böyük maraq doğurur və eni zamanda, Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edən tədbirlərin miqyasını genişləndirməyi düşünürlər. Təşkilat sədri diqqətə çatdırıb ki, rəhbərlik etdiyi birliyin təşəbbüsü ilə Azərbaycan klassik musiqisinin təbliği üçün elan edilmiş “Odlar Yurdunun sədaları” beynəlxalq klassik musiqi müsabiqəsi böyük əks-sədaya səbəb olub və yaxın gələcəkdə bu qəbildən layihələrin daha geniş formatda təşkili nəzərdə tutulur.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.