REGİONLAR


Şuşa sakini: Bu gün doğma evimizə baş çəkdiyim an yaşadığım hissləri sözlə ifadə edə bilmirəm

Şuşa, 5 sentyabr, Göyçək Mahmudlu, AZƏRTAC

Şuşaya ayaq basanda uşaqlığım, gəncliyim yadıma düşür. Şuşadan çıxanda 22 yaşım vardı. Həyatımın ən gözəl illərini Vətən həsrəti ilə keçirdim. Birinci Qarabağ müharibəsində Şuşa uğrunda döyüşlərdə iştirak etmişəm. Çox təəssüf ki, o zaman heç nə istədiyimiz kimi olmadı. Ömür boyu bunun ağrısı ilə yaşamışam. 30 ilə yaxın müddət keçsə də xalqımız torpaq itkisini unutmadı, daim əmrə müntəzir, döyüşə hazır oldu. Ötən il nəhayət ki, sentyabrın 27-də düşmənin təxribatına qarşı Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatları başlandı. Qismən səfərbərlik elan olundu. Minlərlə gənc könüllü olaraq cəbhə xəttinə axışdı. Çox sevinirəm ki, həmin gənclər arasında oğlum İbrahim Mirzəzadə də var. Oğlum Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edib və qazi olub. "Cəsur döyüşçü", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub. Övladımın Qələbədə pay sahibi olmasına görə qürur duyuram. Bu gün doğma evimizə baş çəkdiyim an yaşadığım hissləri sözlə ifadə edə bilmirəm. Bir yandan evin bu halına görə təəssüf hissi keçirdim, bir yandan da quru divarları görmək belə məni xoşbəxt etdi.

AZƏRTAC xəbər verir ki, bunu Şuşa sakini, Birinci Qarabağ müharibəsi iştirakçısı Yusif Mirzəyev deyib.

Müsahibimizin anası İlduzə Mirzəyeva uzun illərdən sonra ömrünün çox hissəsini keçirdiyi evi görməyin bir başqa duyğu olduğunu bildirib: "Evimiz 1970-ci ildə tikilib. Mənfur qonşularımız evimizdə söküntüyə yol veriblər. Böyük zəhmətlə tikib-qurduğumuz evi belə görmək ürəkağrıdıcıdır. Şuşadan çıxanda evimizdən əşyalarımızı götürə bilmədik. Hamısı burada qaldı. İndi isə ev bomboşdur. Namərdlər hər şeyi daşıyıblar. Lakin yenə də hər daşında, divarında gözəl xatirələr olan evimizə baş çəkdiyimə görə sevinirəm. Biz bu evi yenidən qurub yaratmağa, əvvəlki günlərdəki kimi yaşayışı bərpa etməyə hazırıq. Mən Azərbaycan dili və ədəbiyyat müəlliməsiyəm. Hər zaman məktəbdə şagirdlərimi vətənpərvərlik ruhunda böyütməyə çalışıram. Çünki vətənpərvər oğullar valideynlərlə yanaşı, peşəkar müəllimlərin də şah əsəridir.

Yoldaşım Zakir Mirzəyev də Şuşa uğrunda döyüşlərdə iştirak edib. O, sürücü idi. Qarşılaşdığı təhlükələrə və sürdüyü avtobusun vurulmasına baxmayaraq, Şuşa sakinlərini xilas edərək Laçına çatdırıb. Təəssüf ki, Şuşanı bir daha görmədən bu dünyadan köçdü. Bir qazi nənəsi və müharibə iştirakçısı anası və yoldaşı olaraq şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə şəfa arzulayıram. Allah hərbçilərimizin, əsgərlərimizin ayağına daş dəydirməsin. Hamısı mənim nəvəmdir. Nəvəm İbrahimlə də fəxr edirəm. Bizə evimizi görməyə şərait yaratdığına görə ölkə başçısına dərin minnətdarlığımı bildirirəm".

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.