REGİONLAR


Şuşa sakini: Bura mənim ata ocağımdır, öz evimə gəlmişəm VİDEO

Şuşa, 3 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC

Yolumuz işğaldan azad edilmiş Şuşa şəhərinədir. Bizimlə birlikdə gedən Şuşa şəhər sakini Məhbubə Əliyeva yolboyu doğulub boya-başa çatdığı, uşaqlığının və gəncliyinin keçdiyi doğma şəhəri ilə bağlı xatirələrindən danışır, 30 ildir həsrətində olduğu ata yurduna çatmağa səbirsizlənirdi.

AZƏRTAC-ın bölgə müxbirinin Şuşa şəhərinə səfər təəssüratlarını təqdim edirik.

Avtomobilimiz Azərbaycan Ordusunun qəhrəmanlıqla azad etdiyi Füzuli, Xocavənd rayonları ərazisindən keçib Şuşaya doğru irəliləyir. Mədəniyyət paytaxtımıza yaxınlaşdıqca Məhbubə xanımın sevinc və həyəcan hissləri özünü daha çox göstərir. “30 ildir Şuşa həsrəti ilə yaşayanlardan biriyəm. Danışanda təsirlənirəm. Mənim uşaqlıq xatirələrim Şuşa ilə bağlıdır. Hər bir şuşalı Şuşanın işğaldan azad olunması gününü çoxdan gözləyirdi. İnanırdıq ki, Şuşa azad ediləcək. Bu gün Şuşaya gələ bildiyimizə görə Müzəffər Ali Baş Komandana, Azərbaycan Ordusuna minnətdaram”.

Daşaltı kəndindən keçib Şuşaya qalxırıq. Məhbubə xanım ötüb keçdiyimiz hər bir küçə, bina ilə bağlı məlumat verir: “Biz 4 nömrəli məktəbin yanından üzü aşağı düşürük. Bura Mamayı məhəlləsinə gedən yoldur. Bura isə Mamayı bulağıdır. Qış vaxtı buradan sürüşə-sürüşə aşağı düşərdik. Burada Molla Pənah Vaqifin evi var idi. Bu tərəf Mərdinli məhəlləsidir. Bizim evimiz bu məhəllədədir. Şirin su hamamı, Sadıqcanın evi, Aşağı Gövhər Ağa məscidi... Bura isə mənim ata ocağımdır. Öz evimə gəlmişəm. Uşaqlığım, gəncliyim keçib burada. Həyətimizdə meyvə ağaclarımız, atamın əkdiyi qızılgüllər, bulaq, aşağıda açıq havada oturmaq üçün stol və stullar var idi. Danışmaq çətindir mənə...”.

Mərdinli məhəlləsindəki evlərin çoxu ermənilər tərəfindən dağıdılsa da, Məhbubə xanımın ata ocağı salamat qalıb. O, illərdir həsrətində olduğu və ancaq yuxularda gördüyü ata evinə gələ bildiyi üçün özünü xoşbəxt hesab edir. “30 ildir mən bu həsrətlə yaşamışam. Şuşanı, evimizi, uşaqlıq dostlarımı yuxularda görürdüm. Cıdır düzündə keçirilən mahnı bayramları və digər xatirələr tez-tez yuxularıma girərdi. Bu gün yuxularım, xəyallarım gerçəyə çevrilib. Xoşbəxtəm ki, 30 ildən sonra Şuşaya gəlmişəm. Ata ocağımdayam. Nə yaxşı ki, Azərbaycanın İlham Əliyev kimi müdrik Prezidenti, Ali Baş Komandanı, müzəffər ordusu var. Bu sevinci bizə yaşatdığına görə şəhidlərimizin ruhu qarşısında baş əyir, Ali Baş Komandana və Ordumuza var olun deyirəm, qazilərimizə cansağlığı diləyirəm”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.