REGİONLAR
Şuşa sakini: Müzəffər Ali Baş Komandanımıza, ordumuza minnətdarıq ki, bu günləri bizlərə bəxş etdilər VİDEO
Şuşa, 26 avqust, T.Ağaməmmədov, AZƏRTAC
Mən 1957-ci ildə Şuşa şəhərində anadan olmuşam. Şuşadan cavan yaşlarımızda çıxmışdıq, uzun ayrılıqdan sonra geri qayıtmışıq. Buna görə Müzəffər Ali Baş Komandanımıza, ordumuza minnətdarıq. Minnətdarıq ki, bu günləri bizlərə bəxş etdilər. İndi azad Şuşada rahat gəzirik.
Bu sözləri Şuşada AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Tahir Quliyev deyib.
Şuşa sakini bildirib ki, düşmən qədim şəhəri dağıdıb, yararsız hala salıb. “Şuşanı unutmaq olmaz, Şuşa qədim şəhərdir. Bizim doğma yurdumuzdur. Buraya gələndə göz yaşlarımızı saxlaya bilmədik. Bunlar sevinc göz yaşlarıdır. Cıdır düzünü, məscidi də ziyarət edəcəyik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə isə şəfa versin. Onların qarşısında baş əyirəm”, - deyə o bildirib.
Qeyd edək ki, bu gün şuşalıların işğaldan azad olunmuş dədə-baba yurdlarında növbəti səfəri başlayıb. Səfər zamanı sakinlər doğma şəhərlərində müxtəlif məkanları, o cümlədən Cıdır düzü, Qala divarları, Natəvan bulağı, Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini ziyarət edəcək, evlərinə baş çəkəcəklər.
Şuşa sakinlərinin doğma şəhərlərinə ilk səfəri avqustun 19-da təşkil olunub.