CƏMİYYƏT


Şuşa sakini Rusiya nəşrinə müsahibəsində doğma torpağa qayıtmaqla bağlı arzularından danışıb

Şuşa sakini Rusiya nəşrinə müsahibəsində doğma torpağa qayıtmaqla bağlı arzularından danışıb

Moskva, 2 fevral, AZƏRTAC

Rusiyanın “Moskovski komsomolets” nəşri Şuşa şəhərindən olan keçmiş məcburi köçkün Mətanət Paşayeva ilə müsahibə dərc edib.

AZƏRTAC xəbər verir ki, həkim ailəsindən olan Mətanət Paşayeva müsahibəsində fəxrlə özünü əsl şuşalı hesab etdiyini bildirib. Qeyd edib ki, Şuşa yarandığı gündən onun əcdadları bu diyarda yaşayıblar. Lakin Sovet İttifaqının dağılması, Ermənistan ilə Azərbaycan arasında müharibənin başlanması hər şeyi dəyişib.

“Şuşa kiçik şəhər, Qarabağın ürəyidir... Hələ 1990-cı illərdə müharibə səbəbindən xeyli azərbaycanlı əhali Qarabağ ərazisini tərk etməyə və başqa yerlərdə sığınacaq axtarmağa məcbur oldu”, - deyə müsahibənin müəllifi Vladimir Mixaylov yazır.

M.Paşayeva danışır ki, onun babasının Şuşadakı evi Mehmandarovların məşhur malikanəsi ilə yanaşıdır. “Mən Füzulidə doğulmuşam, əmim isə 1950-ci illərdən Xankəndidə yaşayıb və işləyib. İndi bu şəhərdə ermənilər yaşayır, sülhməramlılar fəaliyyət göstərir, oraya getmək mümkün deyil. Uşaqlığım əmimin evində keçib, əmim uşaqları ilə çox mehriban idik. Əmim aptek müdiri idi, atam isə Füzulidə cərrah işləyirdi”, - deyə o qeyd edib.

M.Paşayeva xatırladıb ki, onun qohumları Qarabağda münaqişə başlayanadək orada yaşayıb, sonra Şuşa, Xankəndi və Füzulidəki evlərini tərk ediblər. “Biz düşünmürdük ki, oraya qayıtmayacağıq, artıq mövcud olmayan evlərimizin qapılarının açarları hələ də bizdədir. Füzulidə indi heç nə yoxdur, hətta bütün ağacları qırıblar. Bu, yaşanması mümkün olmayan böyük travmadır. Əmimin evi nisbətən yaxındadır, orada yaşayırlar, lakin mən ora gedə bilmirəm”, - deyə o vurğulayıb.

Şuşaya qayıtmağı, orada həkim kimi işləməyi planlaşdırdığını deyən Mətanət Paşayeva bildirib: “Şuşada dünyaya göz açan tanışlarımın hər biri doğma Vətənə qayıdıb orada işləmək arzusundadır”.

 
Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.