SİYASƏT
Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 26-cı ildönümü ilə bağlı tədbir keçirilib
Bakı, 8 may, AZƏRTAC
Mayın 8-də Şuşa şəhər 1 nömrəli tam orta məktəbində Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 26-cı ildönümü ilə bağlı tədbir keçirilib.
Şuşa Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdən əvvəl Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İdarə Heyətinin sədri-icmanın rəhbəri Bayram Səfərov, aparatın məsul əməkdaşları, Milli Məclisin deputatı Elman Məmmədov, Ağdam, Füzuli, Xocalı rayon icra hakimiyyəti başçılarının müavinləri, Xocavənd, Xankəndi şəhər nümayəndələri, idarə, müəssisə rəhbərləri, rayon ictimaiyyətinin əhalisi, məktəblilər Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olanların xatirəsini yad etmək üçün Şəhidlər xiyabanını ziyarət ediblər.
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov bildirib ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı Azərbaycanın işğal olunmuş torpaqlarının qeyd-şərtsiz azad edilməsinə dair qətnamələrinə baxmayaraq, Ermənistan bu gün də işğalçılıq siyasətini davam etdirir. Qeyd edib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində 20 min nəfər həlak olub, 50 min nəfər yaralanıb, təxminən 5 min nəfər əsir və itkin düşüb.
Diqqətə çatdırılıb ki, Qarabağ xanlığının strateji mərkəzi sayılan, məscidləri, karvansaraları, mədrəsələri, abidələri ilə tarixi-memarlıq diyarına çevrilən Şuşa şəhəri 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Şuşa şəhərindən 195 nəfər torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olub, 165 nəfər yaralanıb, 58 nəfər isə itkin düşüb. Beş minə yaxın eksponatı olan Şuşa tarix muzeyi, dövlət xalça muzeyinin filialı, Qarabağ dövlət tarix, xalq tətbiqi sənət və diyarşünaslıq muzeyləri, Xurşidbanu Natəvanın sarayı, Ağabəyim Ağanın qəsri, Şuşa qalası, Qarabağ xanlığı kompleksi, İbrahim Xəlil xanın mədrəsəsi və şəhərin digər mədəniyyət ocaqları, tarixi abidələri erməni vandalizminin qurbanı olub. Üzeyir Hacıbəyli, Bülbül və Natəvanın heykəlləri ermənilər tərəfindən vəhşicəsinə güllələnib.
Sonra Şuşa şəhər 1 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Daha sonra Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında “Əsgər papağı” tamaşası ilə təqdim olunub.