REGİONLAR


Şuşa şəhərinin xalqımızın qəlbində özünəməxsus yeri və dəyəri var

Zaqatala, 23 may, Mustafa Dadaşov, AZƏRTAC

Zəngin inkişaf yolu keçmiş Şuşa şəhəri bütün dövrlərdə Azərbaycanın, eləcə də Cənubi Qafqazın ictimai-siyasi və mədəni həyatında müstəsna rol oynayıb. Bu qədim şəhərin Azərbaycan xalqının qəlbində özünəməxsus yeri və dəyəri var. Şuşa coğrafi mövqeyi və mədəniyyəti ilə Azərbaycan tarixində böyük iz salan diyardır. Şuşanın azad edilməsi həm mühüm siyasi, strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər “Şuşa İli” çərçivəsində mayın 23-də Zaqatala rayon Heydər Əliyev Mərkəzində keçirilən “Əziz Şuşa, sən azadsan!” adlı tədbirdə səsləndirilib.

Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin, Şəki Regional Mədəniyyət İdarəsinin, Balakən regional “ASAN xidmət” mərkəzinin rəhbər şəxsləri, ziyalılar, ictimaiyyət nümayəndələri, şəhid ailələrinin üzvləri, Vətən müharibəsinin iştirakçıları, qazilər və gənclər iştirak ediblər.

Tədbir iştirakçıları Mərkəzin foyesində Şuşaya həsr olunan kitab və rəsm sərgisi ilə tanış olublar.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, suverenliyimiz və ərazi bütövlüyümüz uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Şuşaya həsr olunan video-çarx nümayiş etdirilib.

Tədbiri Zaqatala rayon Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimov açaraq, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan edildiyini diqqətə çatdırıb, doğma Qarabağın tacı, mədəniyyət beşiyi olan Şuşanın tanınmış tarixi şəxsiyyətlər yetişdirən bənzərsiz bir diyar olduğunu vurğulayıb.

Şəki Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsi səlahiyyətlərini icra edən Tərlan Nəsibov çıxışında “Şuşa İli” ilə əlaqədar Mədəniyyət Nazirliyi tərəfindən xüsusi tədbirlər planının təsdiq edildiyini, hazırda regional idarənin strukturuna daxil olan mədəniyyət müəssisələrində silsilə tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Balakən regional “ASAN xidmət” mərkəzinin direktoru Amil Musayev çıxışında Şuşanın milli birliyimizin, həmrəyliyimizin, qürurumuzun, Vətənə sevgimizin nümunəsi kimi yaddaşımıza əbədi həkk olunduğunu bildirib.

Tədbirdə çıxış edən Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Prezident İlham Əliyevin 2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan edilməsi haqqında imzaladığı Sərəncamın xalqımız üçün müstəsna əhəmiyyət kəsb edən tarixi sənəd olduğunu vurğulayıb. Bildirilib ki, Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub. Hazırda Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Şuşa şəhərində çox böyük bərpa və quruculuq işləri həyata keçirildiyini diqqətə çatdırılıb. Bu prosesə Heydər Əliyev Fondu daim öz dəstəyini verir. Fond Qarabağda, xüsusilə Şuşa şəhərində tarixi mədəniyyət abidələrinin, dini ziyarətgahların təmiri və bərpası prosesində yaxından iştirak edir. Şuşa artıq mötəbər beynəlxalq tədbirlərə, musiqi festivallarına ev sahibliyi edir.

Tədbir rayon Heydər Əliyev Mərkəzinin musiqi və rəqs dərnəkləri üzvlərinin və mədəniyyət işçilərinin hazırladığı rəngarəng konsert proqramı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.