SİYASƏT
Şuşa təkcə Azərbaycanın deyil, bütün Qafqazın mədəniyyət paytaxtına çevriləcək
Bakı, 28 yanvar, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyev Şuşanın xüsusi nümayəndəsi Aydın Kərimovu videoformatda qəbulu zamanı bir sıra mühüm məqamlara toxundu. Dövlətimizin başçısı Qarabağımızın incisi olan Şuşamızın bizim üçün nə qədər dəyərli və müqəddəs bir şəhər olduğunu bir daha xatırlatdı. Şuşa bizim mədəniyyət beşiyimizdir, tariximizdir. Vaxt gələcək ki, Şuşa nəinki Azərbaycanın, Cənubi Qafqazın mədəniyyət paytaxtına çevriləcək.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.
E.Səlimov diqqətə çatdırıb ki, ermənilər nə qədər özününküləşdirməyə çalışsalar da, Şuşa hər zaman bizim olub və bizim də qalacaq: “Şuşa şəhərinin əsasının qoyulması Qarabağ xanlığının banisi Pənahəli xan Cavanşirin (1748-1763) adı ilə bağlıdır. Şəhərin təməli 1752-ci ildə Qarabağ hökmdarı Pənahəli xan tərəfindən qoyulub və ilk çağlarda şəhəri Şuşa adı ilə yanaşı, xanın şərəfinə Pənahabad adlandırırdılar. Bu dilbər guşə əsrlər öncə də bizə məxsus olub. Bütün tarixi faktlar bunu göstərir. Ermənistan daim bu mənfur siyasəti yürüdərək öz planlarını həyata keçirməyə çalışıb. Lakin nə qədər cəhdlər etsə də, hamısı puça çıxıb. Çünki tarix hər şeyin sübutudur. Ermənilərin ilk dəfə Cənubi Qafqazda (Zaqafqaziyada) peyda olmaları təxminən e.ə. II əsrdən sonralara təsadüf edir. Onların regiona daxil olması ilə yerli dövlətlərə və xalqlara qarşı təcavüzkar fəaliyyətləri başlanır. Bu vəziyyət IV əsrədək davam edir”.
Deputatın sözlərinə görə, belə olduğu halda ermənilərin müvəqqəti işğal etdikləri Albaniyanın tarixi torpaqlarını Ermənistanın tərkib hissəsi kimi qələmə verməsi heç bir elmi-tarixi əsasa malik deyil. Halbuki ermənilərdən fərqli olaraq, Azərbaycan-Albaniya dövləti müstəqil siyasət yürütməkdə davam edirdi və Qarabağın tarixi vilayətləri onun tərkibinə daxil idi. Bəli, bu yazılanlar hər yerdə öz doğru əksini tapmaqdadır. Şuşa qədim Azərbaycan torpağıdır. Bu gün də Şuşanın azad olunmasından sonra orada iqtisadiyyatın artımı üçün bütün lazımi tədbirlər görüləcək. Bu, Prezidentin çıxışlarında da öz əksini tapmaqdadır.
“Dövlətimizin başçısı hər dəfə çıxışlarında qeyd edir ki, biz Şuşanı dirçəldəcəyik. Ötən əsrin əvvəllərində Şuşada 1700-ə yaxın ticarət obyekti qeydə alınıb və bu da şəhərin hələ bir əsr öncə xüsusi iqtisadi potensiala malik olduğunu göstərir. 1992-ci ildə, Şuşa işğal olunmamışdan əvvəl şəhərdə şərq musiqi alətləri fabriki, istehsalat kombinatı, Bakı "Radioqurma" istehsalat birliyinin müəssisəsi, Qarabağ ipək kombinatının toxuculuq sexi və digər istehsal müəssisələri var idi. Şuşada, eyni zamanda, inşaat materialları istehsalı üzrə də müəssisələr fəaliyyət göstərirdi. Turizm Şuşanın iqtisadiyyatında xüsusi yer tutur. Turşsu yaylaqları, Səkili bulağı, İsa bulağı, Şəmilin bulağı, Cıdır düzü turizm baxımından xüsusi üstünlüyə malikdir. 1992-ci ilədək Turşsu istirahət və müalicə zonası fəaliyyət göstərirdi”, - deyə Eldəniz Səlimov qeyd edib.
Deputat Şuşanın turizm sahəsi üzrə inkişaf potensialının olduğunu vurğulayıb: “Şuşada Pənahəli xanın sarayı, Yuxarı Gövhər ağa məscidi, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evi, Molla Pənah Vaqifin məqbərəsi, Şuşa mağara düşərgəsi, Şuşa qalası kimi tarixi abidələr və muzeylər ziyan görsə də, sürətlə bərpa işləri aparılacaq. Şuşa artıq təkcə Azərbaycanın yox, bütün Qafqazın mədəniyyət paytaxtına çevriləcək. Bu, birmənalı şəkildə qəbul edilmiş bir haldır. Bütün dünya Şuşanın zəngin mədəniyyət beşiyi olduğunu anlayacaq və görəcəkdir”.
E.Səlimov bildirib ki, Şuşanın müzəffər Ordumuzun rəşadəti və qəhrəmanlığı sayəsində işğaldan azad edilib. Şuşa fatehləri öz əlləri ilə düşmənləri məhv edərək bayrağımızı Şuşaya sancmağı bacarıblar. Bu qəhrəmanlıq tarixi bizim dərsliklərimizdə öz əksini mütləq tapmalıdır. Bəli, bizim gələcək nəsillər bu zəfərin detallarını ən incə məqamlarını tarix dərsliklərindən öyrənməlidirlər: “Düşünürəm ki, bu barədə bütün lazımi tədbirlər görüləcək. Sonda bildirmək istərdim ki, Zəfərimizin memarı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və rəşadətli ordumuzdur. Prezidentimizin uzaqgörən siyasətinin nəticəsidir ki, bu gün biz artıq azad olunmuş torpaqlarımızda siyasi-iqtisadi inkişaf barəsində tədbirlər görürük. Ordumuzun möhtəşəm şücaəti nəticəsində Qarabağımız azaddır. Var olsun, dövlətimiz. Yaşasın, Azərbaycan!