SİYASƏT


Şuşa yenə də sevinc dolu sabahların ümidi ilə neçə-neçə uğura imza atacaq

Bakı, 29 yanvar, AZƏRTAC

Şuşa işğal edildiyi gündən-1992-ci il mayın 9-dan ötən 28 ildə heç kimdə Şuşanın nə vaxtsa yağı tapdağından xilas olunacağına şübhə yox idi. Son 17 ildən bir qədər çox bir zaman ərzində isə hamımızda o günün tezliklə gələcəyinə, doğma Qarabağımızın “döyünən ürəyinin” düşməndən azad ediləcəyinə qəti əminlik vardı. Bu inamı, ümidi Azərbaycanın müzəffər Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti sayəsində ordumuzun gündən-günə artan güc-qüdrəti yaratmışdı.

Sentyabrın 27-də başlayan əks-həmlə əməliyyatları ilə Silahlı Qüvvələrimiz addım-addım Şuşaya yaxınlaşırdı. Bu, dövlətimizin başçısının dediyi kimi, uğura bir nəfəs qədər yaxın olduğumuzdan xəbər verirdi, müzəffər Ali Baş Komandanımızın Türkiyə mətbuatına verdiyi müsahibələrin birində “Şuşa azad edilmədən bu əməliyyat tamamlanmış sayılmaz, yarımçıq qalar” söyləməsi də bu qələbəyə yönələn ümid və əminliyimizi daha da artırırdı.

Dövlətimizin başçısı İlham Əliyev yanvarın 27-də Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən çıxışında bu məsələyə də toxunub: “Müharibə dövründə, sadəcə olaraq, bir dəfə Şuşa haqqında demişdim, o da müxbir soruşdu ki, bəs Şuşa nə vaxt alınacaq? Əlbəttə ki, bunu biz deyə bilməzdik, dedim ki, Şuşasız bizim qələbəmiz yarımçıq olacaq. Ancaq heç şübhə etmirdim ki, biz əziz, doğma Şuşamızı erməni əsirliyindən xilas edəcəyik, Azərbaycan bayrağını qaldıracağıq. O vaxt demişdim ki, Azərbaycan bayrağı Şuşada qaldırılacaq. Bu gün isə deyirəm ki, biz hamımız, bütün xalqımız Şuşanı dirçəldəcəyik”.

AMEA Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov AZƏRTAC-a açıqlamasında dövlətimizin başçısının dəfələrlə çıxışlarında bu qədim şəhərimizin Azərbaycan tarixində xüsusi yer tutduğunu, azərbaycanlıların əsrlərboyu burada yaşayıb-yaratdıqlarını bildirdiyini vurğulayıb: “Prezident Şuşanın nəinki Azərbaycanın, bütün Qafqazın incisi olduğunu vurğulayıb. Ancaq mənfur düşmən Şuşanı işğal altında saxlamaqla bizim mədəni irsimizə böyük zərbə vurub, tarixi abidələrimizi, məscidlərimizi dağıdıb, təhqir edib. Bütün bu barbar əməllərlə kifayətlənməyən düşmən işğal dövründə havadarlarına arxalanaraq Qarabağın döyünən ürəyi, musiqi və incəsənət beşiyi olan Şuşanı gələcəkdə, hətta Qarabağın “paytaxtı” elan etmək, qondarma rejimin “parlamentini” bu əzəli, tarixi şəhərimizə köçürmək iddiasını səsləndirməkdən belə çəkinməyib”.

Hamımız yaxşı xatırlayırıq, Paşinyan dəfələrlə beynəlxalq norma və qaydaları pozaraq tez-tez Qarabağa gəlir, burada görüşlər keçirir, kef məclisləri qurur, separatçı rejimin nümayəndələri ilə yallı gedir, hələ bunlar azmış kimi bu iyrəncliyi televiziya ilə nümayiş etdirir, “Qarabağ Ermənistandır, nöqtə” kimi məsuliyyətsiz bəyanatlar verirdi. Düşmən bununla da Azərbaycan xalqında bir ümidsizlik yaratmaq, inadımızı qırmaq, inamımızı sarsıtmaq məqsədi güdürdü. Lakin Ali Baş Komandanımızın rəhbərliyi ilə müzəffər ordumuz ermənilərin bu planlarını alt-üst etdi, onların arzularını ürəyində qoydu.

Şuşa müharibəsi Azərbaycan Ordusunun parlaq zəfər salnaməsinə həkk ediləcək. Hərbi ekspertlərin dedikləri kimi, tanksız, topsuz, artilleriyasız, göydə 3-cü Ordumuza çevrilən pilotsuz kamikadzelərin müşayiəti olmadan 1500-1800 metr yüksəkliklərdə döyüşlər apararaq bu qalaya daxil olmaq gələcəkdə onlarla dövlətin və silahlı qüvvələrin hərbi taktikasının heyrətamiz istinadgahlarından birinə çevriləcək. Hələlik isə o döyüşlər barədə dövlət başçımız İlham Əliyev Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən dediyi sözləri xatırlatmaq istərdim: “Şuşa əməliyyatı Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq. Şuşa uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman övladlarımızın əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Şuşanı azad edərkən Azərbaycan əsgər və zabiti qəhrəmanlıq, peşəkarlıq, fiziki güc, yüksək milli ruh göstərib. O, Daşaltı istiqamətindən, digər istiqamətlərdən, sıldırım qayalardan qalxaraq, işğalçıları məhv edərək Şuşanı azad edib, demək olar ki, əliyalın, əlində süngü, bıçaq, yüngül silah topa, tanka qarşı vuruşub… Biz Şuşanı qəhrəman övladların rəşadəti, qanı, canı bahasına düşmənlərin əlindən, əsarətindən almışıq. Bundan sonra Şuşada əbədi yaşayacağıq, Şuşanı qoruyacağıq və qoruyuruq”.

E.Bağırov söhbətinin sonunda deyib: “Şuşa yenə də 28 il bundan əvvəlki xoş günlərini yaşayacaq, sevinc dolu sabahların ümidi ilə neçə-neçə uğura imza atacaq. Başından duman-çən çəkilən şəhərin abadlıq-quruculuq işləri geniş vüsət alacaq, buradakı müqəddəs ocaqlar, mədəniyyət və incəsənətimizin böyük simalarından Üzeyir bəy Hacıbəylinin, Xurşidbanu Natəvanın və Bülbülün ev-muzeyləri, görkəmli şair Molla Pənah Vaqifin məqbərəsi yenə də ziyarətgahlara dönəcək, erməni vandalizminin qurbanına çevrilən tarixi, mədəni abidələrə həqiqi sahiblərinin-sakinlərin gücü və əzmi ilə yenidən nəfəs veriləcək. Şuşa dünyanın ən qədim mədəniyyət mərkəzlərindən biri kimi keçiriləcək mərasimlərə ev sahibliyi edəcək, məşhur turizm məkanı kimi şöhrət qazanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.