Şuşa ziyalıları düşmən tapdağı altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə əmindirlər
AzerTAg.az
Göyçay, 9 may (AZƏRTAC). Azərbaycanın Şuşa şəhərinin erməni silahlı birləşmələri tərəfindən işğalının növbəti ildönümü ilə əlaqədar Göyçayda məcburi köçkünlərlə görüş keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin, idarə və təşkilat rəhbərlərinin iştirak etdikləri tədbirdə Şuşada həlak olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Görüşdə Göyçayda məskunlaşmış şuşalı ziyalılardan Məzahir Hüseynov, Səməd Həsənov və başqaları Şuşa şəhərində ermənilər tərəfindən törədilmiş vandalizm aktları, tarixi abidələrin, mədəniyyət ocaqlarının, sosial obyektlərin dağıdılaraq talan edilməsi barədə geniş məlumat vermişlər. Ermənilərin bu vəhşiliklərinin təkcə Azərbaycana deyil, bütün dünya mədəniyyətinə qarşı həyata keçirildiyi qeyd edilmişdir.
Çıxış edənlər Ermənilərin tarixin müxtəlif zamanlarında ərazilərimizə köçürülməsindən, hazırkı Ermənistan dövlətinin tarixi Azərbaycan torpaqları üzərində qurulmasından, gündən-günə güclənən dövlətimizin Dağlıq Qarabağ probleminin həlli istiqamətində bu gün davam etdirdiyi uğurlu diplomatik fəaliyyətdən söz açmışlar.
Tədbirdə düşmən tapdağı altında olan torpaqlarımızın Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində tezliklə azad ediləcəyinə, məcburi köçkünlərin öz yurd-yuvalarına qayıdacaqlarına əminlik ifadə edilmişdir.
Bildirilmişdir ki, hazırda Göyçay rayonunda Şuşadan olan 67 məcburi köçkün ailəsi yaşayır.
Rayon rəhbərliyi şuşalı məcburi köçkünlərin qayğı və problemləri ilə maraqlanmış, qarşılaşdıqları çətinliklərin aradan qaldırılması üçün tədbirlərin görüləcəyini qeyd etmişdir.
Xəbərin mətnində orfoqrafik səhv var