REGİONLAR
Şuşada 6 elektrik yarımstansiyasının inşası yekunlaşmaq üzrədir
Şuşa, 15 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Şuşa şəhəri qısa müddətdə - 37 gün ərzində elektrik enerjisi ilə təmin edildi. Bundan sonra şəhəri müasir elektrik şəbəkəsi ilə təmin etmək üçün plan hazırlandı. Mövcud şəbəkə əvvəlki vaxtlardan qalma 48 ədəd köhnə transformator məntəqəsindən ibarət idi. Ona görə də 35/04 kVt-luq 9 elektrik yarımstansiyasının inşası planlaşdırıldı. Artıq onlardan 6-da işlər yekunlaşmaq üzrədir. Qarşıdakı aylarda digər 3 yarımstansiyanın da tikintisinə başlanılacaq.
Bunu Şuşada AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu deyib.
O bildirib ki, Şuşa şəhərinin şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzi vasitəsilə idarə olunur. İndiyə qədər olan SCADA sistemləri yalnız yüksəkgərginlikli xətləri nəzarətdə saxlayırdı. Yeni Rəqəmsal İdarəetmə Mərkəzində isə abonentə qədər olan 0,4 kV-lıq xətlər də nəzarətdə saxlanılacaq. Abonentlə nəzarətçi arasında təmas sıfra endiriləcək. Şəbəkədə hər hansı nasazlıq olduqda dərhal həmin mərkəzdə bilinir. Beləliklə də qabaqlayıcı tədbirlər görülür və qəza baş verməzdən əvvəl qarşısı alınır. Rəqəmsal İdarəetmə Mərkəzi Bakıdakı mərkəzlə əlaqələndirilib. Birbaşa Bakı şəhərindən də buranı idarə etmək mümkündür.
Vaqif Aydınoğlunun sözlərinə görə, Şuşa şəhərində yerüstü elektrik xətləri ləğv ediləcək. “Dayaqlar olmayacaq, bütün şəbəkə beton tunellər vasitəsilə və izolyasiyalı kabellərlə abonentin evinə qədər yeraltı olacaq. Bunu da şərtləndirən amil Şuşa şəhərində qış aylarında qeyri-sabit hava şəraitinin hökm sürməsidir. Açılmaların olmaması, elektrik verilişinin dayanıqlılığı üçün şəbəkə yer altına keçirilir”, – deyə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri bildirib.