CƏMİYYƏT


Şuşada Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradılıb

Bakı, 29 iyul, AZƏRTAC

İyulun 25-29-da Azərbaycanda keçirilən Qoşulmama Hərəkatı Gənclər Sammiti çərçivəsində Hərəkatın 61 illik tarixində ilk dəfə olaraq Qoşulmama Hərəkatına üzv ölkələrin gənclərini birləşdirən Gənclər Təşkilatı yaradılıb.

AZƏRTAC xəbər verir ki, tarixə Şuşa Akkordu (Şuşa razılaşması) kimi düşən Qoşulmama Hərəkatı Gənclər Təşkilatının yaradılmasına dair sənədin qəbulu ilə ölkəmizin mədəniyyət paytaxtı olan Şuşanın adı bu mötəbər qurumun tarixinə yazıldı.

Qeyd edək ki, Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsinin yaradılması Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü əsasında Qoşulmama Hərəkatının təsisatlanması istiqamətində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin yaradılmasından sonra ikinci mühüm təşəbbüsdür. Təşkilatın mənzil-qərargahı Bakıda yerləşəcək. Bununla yanaşı, üzv dövlətlərin təmsil etdikləri digər bölgələrdə regional ofislər təsis olunacaq. Təşkilata sədrlik qarşıdan gələn üç il müddətinə Azərbaycan nümayəndəsi tərəfindən ediləcək.

Bu təşkilatın yaradılması Qoşulmama Hərəkatı Gənclər Sammitində iştirak edən üzv dövlətlərin nümayəndələri tərəfindən müsbət qarşılanıb və dəstəklənib. Qoşulmama Hərəkatına üzv ölkələrin gənclərini birləşdirən bu mühüm təşəbbüsə görə Azərbaycan tərəfinə minnətdarlıq ifadə olunub.

2021-ci il oktyabrın 4-də Azərbaycanın təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsinin Qoşulmama Hərəkatı Gənclər Təşkilatına çevrilməsi ilə Hərəkata üzv ölkələrin gənclərini birləşdirən bu təsisat beynəlxalq platformalara daha rahat çıxış imkanı əldə edib.

Qoşulmama Hərəkatı Gənclər Sammiti çərçivəsində Şuşaya səfər edən nümayəndə heyətləri Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal altında saxlanması, işğal dövründə baş vermiş dağıntılar barədə məlumatlandırılıb, həmçinin Azərbaycan Hökumətinin həyata keçirdiyi bərpa-yenidənqurma işləri, o cümlədən Şuşa şəhərinin tarixi və memarlıq abidələri ilə tanış olublar.

Xatırladaq ki, Qoşulmama Hərəkatı 4 qitədən 120 ölkəni sıralarında birləşdirir. Azərbaycan 2019-cu ildən Hərəkata sədrlik edir. Azərbaycanın Hərəkata sədrlik müddəti 2022-ci ildə başa çatmalı olsa da, üzv dövlətlərin yekdil qərarı ilə bu müddət daha bir il uzadılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.