RƏSMİ XRONİKA
Şuşada “Xarıbülbül” otelinin yenidənqurmadan sonra açılışı olub YENİLƏNİB VİDEO
Şuşa, 12 may, AZƏRTAC
Mayın 12-də Şuşada “Xarıbülbül” otelinin yenidənqurmadan sonra açılışı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva açılışda iştirak ediblər.
Dövlətimizin başçısı oteldə yaradılan şəraitlə tanış oldu.
Anar Ələkbərov: Otelin bu əməkdaşları əslən Şuşadandırlar.
Prezident İlham Əliyev: Çox yaxşı, mən demişdim ki, buraya Şuşadan olan insanlar cəlb edilsinlər. Sən Şuşada yaşamamısan, eləmi?
Otelin əməkdaşı: Xeyr.
Prezident İlham Əliyev: İndi yaşayacaqsan.
Məlumat verildi ki, oteldə ümumilikdə 49 otaq var. Onların hamısı qonaqların qalması və rahat istirahət etməsi üçün bütün zəruri infrastrukturla təchiz olunub. Bu cür obyektlərin istifadəyə verilməsi Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın turizm potensialının möhkəmləndirilməsində çox mühüm rol oynamaqla yanaşı, işğaldan azad edilmiş ərazilərimizdə, o cümlədən tarixi Şuşa şəhərində icra olunan sosial layihələrin ardıcıl və sürətlə davam etdiyini göstərir.