CƏMİYYƏT


Şuşada şəhid olan baş leytenant

Bakı, 13 sentyabr, AZƏRTAC

Adil İbrahimlinin Vətən müharibəsindəki döyüş yolu 40 günə yaxın davam edib. Sentyabrın 27-dən noyabrın 3-dək....

Son döyüşü Şuşada olub, baş leytenant yaralı olsa da, son nəfəsinədək vuruşub. Elə orda da şəhidliyə qovuşub.

Şuşanın azad edilməsinə beş gün qalmış...

Adilin hərbçi olmaq arzusu əmisi, Hərbi Hava Qüvvələrinin polkovniki Elman İbrahimovun simasında yaranıb. Lap erkən yaşlarından əmisi kimi hərbçi olacağını qərara alıb.

Elə də edib.

AZƏRTAC xəbər verir ki, 1992-ci il sentyabrın 9-da Sumqayıtda anadan olan Adil İbrahimli 1999-2008-ci illərdə Sumqayıt şəhərindəki 14 nömrəli tam orta məktəbdə 9-cu sinfi bitirib. 2008-ci ildə təhsilini davam etdirmək üçün Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. 2011-ci ildə həmin liseyi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. 2015-ci ildə hərbi məktəbi bitirərək leytenant rütbəsini alıb. Sonra Təlim-Tədris Mərkəzində zabit kimi təkmilləşdirmə kursu keçərək Azərbaycan Ordusunda xidmətə başlayıb.

2017-ci ildə Xüsusi Təyinatlı Qüvvələrə qəbul olan Adil orada xidmət göstərdiyi zaman Türkiyədə "Komando" kursunu fərqlənmə diplomu ilə bitirib.

Atası Asəm bəy Birinci Qarabağ müharibəsi qazisidir. Könüllü olaraq müharibəyə gedib. 1992-ci ildə silaha sarılaraq torpaqlarımızın azadlığı uğrunda döyüşüb. Oğluna atasının adını verib və özü kimi də vətənpərvər oğul böyüdüb. Hərbi məktəbə gedəndə Adil atasına müraciət edərək deyib: “Ata, halallıq ver, mən gedirəm, əmim kimi hərbçi olacağam”.

Adil cavan olmasına baxmayaraq, çox peşəkar hərbçi olub. Son vəzifəsi isə qrup komandiri və baş kəşfiyyatçı idi. O, Murovdağ uğrunda gedən döyüşlərdə, Suqovuşan, Füzuli, Hadrut, Xocavənd, Şuşa döyüşlərində iştirak edib. Bir dəfə yaralansa da, ailə üzvlərindən heç kəsə bildirməyib.

Noyabrın 3-dən 4-nə keçən gecə isə qəhrəmanlıqla həlak olub. Noyabrın 20-də Bakıda İkinci Fəxri xiyabanda torpağa tapşırılıb. Onun dəfn mərasimində tabutu qaldıranlardan biri də üç il əvvəl ailə həyatı qurduğu Nargül İbrahimova olub. Oktyabrın 26-da şəhid olan qardaşı Eltonun məzarına torpaq atan Nargül xanım həyat yoldaşının mafəsinin altına çiynini verib.

Ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adına, "Vətən uğrunda”, “Şuşanın azad edilməsinə görə”, “Kəlbəcərin azad edilməsinə görə” medallarına layiq görülüb. Şəhid ailəsi Bakının Ramana qəsəbəsində üçotaqlı mənzillə təmin olunub. Bir oğlu və bir qızı yadigar qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.