ELM VƏ TƏHSİL
Şuşadan və Gəncədən dünyaya mesaj: Ədalət, sülh, birgəyaşayış və multikulturalizm
Bakı, 9 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 7-də əziz Şuşada başlayıb 8-də qədim Gəncədə davam edən “Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital” mövzusunda beynəlxalq tədbir dövlətimizin başçısının Nizami Gəncəvi yaradıcılığı kontekstində Azərbaycandan dünyaya ünvanlandığı ədalət, sülh, birgəyaşayış və multikulturalizm anlayışlarını özündə ehtiva edir. Bütün yaradıcılığı boyu ümumbəşəri dəyərləri əsərlərinin mərkəzində saxlayan Nizami Gəncəvi mənsub olduğu Azərbaycan xalqının tolerantlığını dünyaya bəyan etmişdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov söyləyib.
Ə.Muxtarov qeyd edib ki, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin məqbərəsinin ziyarəti ilə başlayan və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutan tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin, ICESCO-nun sabiq Baş direktoru Əbdüləziz əl-Tüveycri və BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkır öz çıxışlarında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin öz “Xəmsə”si vasitəsilə bəşəriyyətə təqdim etdiyi sevginin, barışın, ədalətin, qadın azadlığının dünyaya çatdırılmasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Nizami Gəncəvi şəxsiyyətini, yaradıcılığını hər zaman olduqca yüksək diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əvəzsiz rol oynadığını vurğulayıblar.
Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliyev Mərkəzin nəşri olan “Qələmin Sehri – Nizami Gəncəvinin “Xəmsəsi”ndən seçilmiş əlyazmalar” kitabının xüsusi nəşrini Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova təqdim edərkən söylədiyi: “Azərbaycan-Gəncə torpağı insanlığın ruhuna bir xəzinə, dərmandır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzini məhz bu xəzinələrin dünyaya təqdim edilməsi məqsədilə təsis edib və hər zaman da qoruyub dəstəkləyir” fikri Azərbaycan Prezidentinin milli-mənəvi və bəşəri dəyərlərimizin dünyada təbliğ edilməsi istiqamətindəki fəaliyyətinə xarici diplomatların verdiyi dəyərin bir göstəricisidir.
Bu məqamda Prezident İlham Əliyevin martın 9-da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində söylədiyi bu fikri xatırlamaq yerinə düşər: “Nizami Gəncəvinin müdrikliyi və istedadı Azərbaycan xalqının müdrikliyi və istedadının təzahürüdür”. Bu dahiyanə fikir Ümummilli Lider Heydər Əliyevin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi şəxsiyyəti, irsi ilə bağlı müəyyənləşdirdiyi yol xəritəsinin inkişaf konsepsiyasıdır.
“Prezident İlham Əliyev təkcə onilliklər boyunca işğal altında qalan torpaqlarımızı azad etməklə deyil, eyni zamanda, tariximizi, ədəbiyyatımızı, mədəniyyətimizi ən ali səviyyədə qorumaqla, inkişaf etdirməklə də Ata vəsiyyətini həyata keçirən bir sərkərdə oldu. Dövlətimizin başçısının 2011-ci il 23 dekabr tarixli Sərəncamına əsasən dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 2012-ci il sentyabrın 30-da şairin vətəni Gəncə şəhərində keçirilmiş xüsusi toplantıda təsis edilən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi məhz Ulu Öndərin “Biz Nizami Gəncəvi ilə bəşəriyyəti qovuşdurmağa çalışırıq” kəlamının, arzusunun real həyatda təzahürü, reallaşmasıdır”, - deyə Əlimuxtar Muxtarov fikrini yekunlaşdırıb.