REGİONLAR


Şuşalılara məxsus heyvanlar arasında profilaktiki peyvəndləmə tədbirləri davam etdirilir

Bakı, 7 may, AZƏRTAC

Yanvarın ilk günlərindən başlayaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) Şuşa Rayon Baytarlıq İdarəsi 4 sahə baytarlıq məntəqəsi ilə ölkənin 58 rayon və şəhəri daxil olmaqla 234 yaşayış məntəqəsində məskunlaşmış Şuşa rayon əhalisinə məxsus 4 min 721 baş iribuynuzlu heyvan, 34 min 533 baş xırdabuynuzlu heyvan, 208 baş at, 18 min 458 baş quş və 3 min 960 arı ailəsinə baytarlıq xidməti göstərir.

Dövlət Baytarlıq Xidmətindən AZƏRTAC-a bildirilib ki, Şuşa Rayon Baytarlıq İdarəsi cari ilin ilk günlərindən başlayaraq bu günə kimi rayon əhalisinə məxsus 2 min 518 baş iribuynuzlu, 151 baş təkdırnaqlı heyvanda qarayara, 4 min 255 baş sahibli itdə quduzluq, 91 min 479 baş xırdabuynuzlu heyvanda çiçək, 1500 baş xırdabuynuzlu (Rev-1 ştammı ilə) heyvanda brusellyoz xəstəliklərinə qarşı peyvənd aparıb. Eləcə də bu dövr ərzində 15 min 550 (“H” ştammı ilə) baş quş və 19 min 400 baş cücədə (“La-Sota” ştammı ilə) nyukasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri yerinə yetirib.

Fevraldan şuşalılara məxsus iri və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 2 min 546 baş iribuynuzlu və 19 min 988 baş xırdabuynuzlu heyvanda dabaq xəstəliyinə qarşı peyvəndləmə aparılıb.

Martın ilk günlərindən isə Şuşa Rayon Baytarlıq İdarəsi tərəfindən sahə baytarlıq məntəqələri arasında iribuynuzlu heyvanların iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı aparılacaq vaksinin bölgüsü başa çatdırılıb və peyvəndləmə tədbirinə başlanılıb. Artıq 1595 baş iribuynuzlu heyvanda nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə işi aparılıb. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir.

Həmçinin həssas heyvanlar arasında brusellyoz xəstəliyini vaxtında aşkar etmək məqsədilə 448 baş iribuynuzlu heyvanlardan qan alınaraq seroloji müayinə olunub. Bununla yanaşı vərəm xəstəliyinə qarşı 50 baş iribuynuzlu heyvanlarda diaqnostik müayinə aparılıb və xəstə heyvan aşkar edilməyib.

Bundan başqa, heyvan sahiblərinin şəxsi vəsaiti hesabına epizootik planda nəzərdə tutulmayan iribuynuzlu, xırdabuynuzlu heyvanın və quşların pastrelliyozu, iribuynuzlu heyvanın (cavanların) emkarı, xırdabuynuzlu heyvanın brodzot və enterotoksemiya xəstəliklərinə qarşı, iribuynuzlu heyvanın anayerob enterotoksemiya xəstəliyinə qarşı vaksinasiya aparılıb. Heyvanların və quşların qurd xəstəliklərinə qarşı dərman preparatları sahibkarın hesabına alınaraq heyvanlara verilib.

Şuşalılara məxsus təsərrüfatlarda baytarlıq preparatlarının istifadəsində şəffaflığın təmin edilməsi məqsədilə üzərində “satıla bilməz” yazılmış biopreparatların və dərman maddələrinin heyvanlara təmənnasız tətbiqi barədə heyvan sahibləri ilə söhbətlər və izahat işləri aparılır. Həmçinin tədbirlər çərçivəsində maariflənmə işi aparılaraq həm iti yoluxucu, həm də daxili yoluxmayan xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumatlar verilir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Mövsümi xəstəliklərə, o cümlədən qan parazitləri, helmintozlar və dəri üstü parazitlərə qarşı heyvan sahibinin hesabına aparılacaq tədbirlər barədə məsləhətlər, risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir.

Şuşalılara məxsus heyvanlarda bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək. Belə ki, iribuynuzlu heyvanlarda leptospiroz, brusellyoz (ştamm-19 vaksini ilə), xırdabuynuzlu heyvanlarda dabaq, leptospiroz, quşlar arasında nyukasl və digər xəstəliklərə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin atlarda manqo (göz sınağı müayinəsi), iribuynuzlu heyvanlarda vərəm (allergik müayinə), xırdabuynuzlu heyvanlarda brusellyoz və qoçlarda epididimitə (seroloji müayinə) görə diaqnostik, quşlarda, iri və xırdabuynuzlu heyvanlarda (askaridioz, diktikaulyoz, fassilyoz və sair) koproloji müayinələrin aparılması nəzərdə tutulur.

Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib. Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.