SİYASƏT


Şuşanı azad edən gənclər ulu öndər Heydər Əliyev məktəbinin, Prezident İlham Əliyev idarəçiliyinin yetirmələridir

Bakı, 15 yanvar, AZƏRTAC

Müzəffər Ali baş Komandan, Prezident İlham Əliyevin Şuşaya səfəri istər siyasi, istərsə də mənəvi baxımdan böyük əhəmiyyət kəsb edir. Biz 44 gündə “dəmir yumruq” hesabına qazandığımız Qələbə sayəsində doğma, tarixi torpaqlarımıza qayıdırıq. Prezident İlham Əliyevin Cıdır düzündə çıxışı zamanı qeyd etdiyi ən vacib məqamlardan biri son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəslin yetişməsi ilə bağlıdır. Məhz son 17 ildə, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi müddətdə yetişən gənc nəsil bu torpaqları azad etdi. Təbii ki, böyük qələbəmizdə bütün nəsillərin payı var. Lakin Prezident İlham Əliyev də qeyd etdiyi kimi, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. Çünki Azərbaycanda gənc nəsil vətənpərvərlik ruhunda yetişir. 30 il əvvəl işğal olunan ərazilərimizin azad edilməsi gənc nəslin də müəyyənləşdirdiyi əsas vəzifələrdən biri idi. Prezident İlham Əliyevin güclü Lider kimi hər zaman dövlətçilik maraqlarını ən ali səviyyədə müdafiə etməsi gənc nəsil üçün əsl nümunə olub. Bu mənada əminliklə söyIəmək olar ki, Şuşanı azad edən gənclər ulu öndər Heydər Əliyev məktəbinin, Prezident İlham Əliyev idarəçiliyinin yetirmələridir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva söyləyib.

Müharibədə iştirak edən hərbçilərimizin əksəriyyətinin yaşının münaqişənin “yaşı”ndan az olduğunu bildirən deputat deyib: “Münaqişə alovlanan zaman dünyaya gəlməyən uşaqlar, bu tarixi sonradan öyrənərək qarşıya ali məqsəd qoyan gənclər bizim ərazi bütövlüyümüzün bərpasında iştirak etdilər. Onlar düşmənlə döyüş meydanında mübarizə apararaq tarixi Qələbəyə nail oldular”.

K.Nurullayeva vurğulayıb ki, ərazi bütövlüyümüzün bərpası Azərbaycanda hər zaman dövlət siyasətinin mərkəzində olub. Prezident İlham Əliyevin 17 illik hakimiyyəti dövründə cəmiyyətdə mövcud olan həmrəylik daha da möhkəmləndi. Uğurlu dövlət idarəçiliyi sayəsində Azərbaycan cəmiyyətində yaşından, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, hər kəs vahid amal uğrunda “dəmir yumruq” kimi birləşdi. Bundan sonra da biz xalq olaraq qalib dövlətin təmsilçisi kimi heç kimdən çəkinməyən, milli maraqları müdafiə edən müzəffər Liderin ətrafında daha da sıx birləşəcəyik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.