REGİONLAR


Şuşanın 270 illiyi Ağsuda bayram əhval-ruhiyyəsində qeyd olunub

Ağsu, 20 aprel, AZƏRTAC

Qarabağın tacı olan Şuşa xalqımız üçün əziz məkan, milli simvoldur. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz hissəsidir. 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən salınan və bu il 270 illiyi qeydə olunan Şuşa şəhəri zəngin inkişaf yolu keçib, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağsu rayon mədəniyyət müəssisələrinin təşkilatçılığı və rayon icra hakimiyyətinin dəstəyi ilə aprelin 20-də Ağsuda keçirilən və “Şuşa İli”nə həsr edilən “Varlığın hər kəsə səadət, Şuşa” adlı tədbirdə səsləndirilib.

Ağsunun mərkəzində, Heydər parkında açıq havada təşkil olunan tədbirdə öncə Ümummilli Liderin abidəsi ziyarət olunub, önünə çiçəklər düzülüb.

Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov çıxışında Şuşanın tarixinə nəzər salıb. Bildirilib ki, Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirən Ermənistan 1992-ci il mayın 8-də bu mədəniyyət incisini işğal edib. İşğal dövründə şəhərdəki yüzlərlə tarix və mədəniyyət yadigarı vandalizm aktlarına məruz qalıb. Ümummilli liderimiz Heydər Əliyevin vaxtilə dediyi “Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur” kəlamını xatırladan R.Bağırov bildirib ki, 44 günlük Vətən müharibəsində - 2020-ci il noyabrın 8-də Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şuşanı işğaldan azad etdi. Bu tarix Zəfər Günü kimi xalqımızın yaddaşına həkk olundu. Vurğulanıb ki, Azərbaycan mədəniyyətinin paytaxtı elan edilən Şuşada şəhərin tarixi simasının bərpası yolunda nəhəng layihələr gerçəkləşdirilir.

Tədbir çərçivəsində parkda Heydər Əliyev Mərkəzinin, Mərkəzi Kitabxana Sisteminin, Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin təşkil etdikləri sərgilər, idmançıların, uşaq musiqi məktəbi kollektivinin çıxışları iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Rəngarəng konsert proqramında rayon musiqiçilərinin ifalarında “Azərbaycan”, “Şuşanın dağları”, “Qarabağ” və digər mahnılar, həmçinin “Qarabağ” şikəstəsi səsləndirilib.

Tədbirdə Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən təltif olunmuş Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş hərbi qulluqçuların ailələrinə və qazilərə medallar təqdim edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.