REGİONLAR


Şuşanın erməni vandalizminə məruz qalmış Seyidli məhəlləsi FOTO VİDEO

Şuşa, 9 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri özünün incəsənəti, muğam sənəti, gözəl təbiəti ilə yanaşı, həm də abidələri, özünəməxsus arxitekturası ilə tanınır. Qədim Şuşada 3 qala qapısı, 3 meydan, 3 küçə, 17 məhəllə olub. Şuşa şəhərinin relyefinə uyğun olaraq məhəllələrin doqquzu aşağı məhəllə, səkkizi isə yuxarı məhəllələr sayılırdı. Hər birinin məscidi, bulağı və hamamı olub.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Qarabağ İrsini Araşdırma Mərkəzinin rəhbəri, beynəlxalq münasibətlər üzrə professor, siyasi elmlər doktoru Elçin Əhmədov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində bildirib ki, Qarabağ xanlığının banisi Pənahəli xanın hakimiyyəti illərində (1747-1763) Şuşa şəhərinin salınmasının ilkin mərhələsində ən qədim məhəllələr sonralar şəhərin relyefinə uyğun olaraq, “Aşağı məhəllə” adlandırılıb. “Aşağı” məhəllə 9 məhəllədən ibarət olub: Seyidli, Çöl Qala, Çuxur Məhəllə, Quyuluq, Dördlər Qurdu, Qurdlar, Merdinli, Hacı Yusifli, Culfalar. Şuşanın bir şəhər kimi formalaşmasının ikinci mərhələsi İbrahimxəlil xanın hakimiyyəti illərinə (1763-1806) təsadüf edir. Bu mərhələdə şəhərin “Yuxarı məhəllə” adlanan hissəsi formalaşıb. “Yuxarı” məhəllə 8 məhəllədən təşkil olunub: Saatlı, Mamayı, Köçərli, Xocamircanlı, Ağadədəli, Dəmirçilər, Təzə Məhəllə, Hamamqabağı.

Şuşadakı 17 məhəllədən biri olan və şəhərin aşağı hissəsində yerləşən qədim Seyidli məhəlləsinin də məscidi və bulağı olub. Lakin məscid və bulaq ermənilər tərəfindən dağıdılıb. Məhəllədə Şuşada tanınmış bir sıra seyidlər yaşadığından Seyidli məhəlləsi adlandırılıb. Seyid Şuşinskinin atası Seyid İbrahimin evi bu məhəllədə olub. Musiqiçilərin “Ağa” deyə müraciət etdiyi Seyid Şuşinskinin əsl adı Mir Möhsün Ağa Seyid İbrahim oğludur. Seyid nəslindən olduğuna görə ona “Ağa” deyə müraciət edilirmiş. Bununla yanaşı, Seyid Əlinin, həmçinin şuşalıların inanc və ümid ocağı kimi tez-tez evinə getdikləri Seyid Xəlilin də evi bu məhəllədə idi.

Seyidli məhəlləsində Şuşanın bir sıra tanınmış nəsilləri yaşamışlar. Onlardan Şəfiyevlər, Qaryağdılar və digərini qeyd etmək olar. Bunların içərisində Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi, bəstəkar, musiqi xadimi, opera səhnəsinin ilk aktyoru olan Cabbar Qaryağdıoğlunun Seyidli məhəlləsindəki evi şəhərin ən səfalı yeri olan Cıdır düzünə yaxın idi. Uşaqlıqdan məhəllə uşaqları ilə “Qayabaşı”nda, “Qırxpilləkən”də, “Ağzıyastı kaha”da quzu otaran Cabbar saatlarla “Dəlikdaş”ın üstündə oturaraq zümzümə edərmiş. Sonralar bu zümzümələr XIX əsrin ən böyük xanəndəsinin yetişməsinə səbəb olub. Azərbaycanın musiqi tarixində Cabbar Qaryağdıoğlunun adı böyük fəxrlə çəkilir. Onun oxuduğu muğam və xalq mahnıları indi də Azərbaycanın musiqi xəzinəsinin ən qiymətli inciləridir.

“44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu şanlı Qələbə qazanaraq 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı, o cümlədən xalqımız üçün müqəddəs və əziz məkan olan Şuşanı azad etdi. İndi ermənilərin işğal dövründə Şuşaya vurduğu yaralar sağalır, mədəniyyət paytaxtımızın yeni inkişaf dövrü başlayır. Şuşanın əsl tarixi simasının, ənənələrinin və qədim mədəni abidələrinin bərpası istiqamətində mühüm işlər görülür. Əminəm ki, Şuşadakı digər abidələr kimi, Seyidli məhəlləsindəki tarixi tikililər, o cümlədən Seyidli məscidi də tezliklə bərpa olunacaq”, - deyə Elçin Əhmədov bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.