CƏMİYYƏT


Şuşanın havası ürək-damar sistemi xəstəliklərinin qarşısını alır

Bakı, 28 yanvar, AZƏRTAC

Təmiz hava ilə nəfəs almaq stresi azaldır, əzələləri möhkəmləndirir, yaddaşı gücləndirir, ən başlıcası ürək-damar xəstəliklərinin qarşısını alır və ümumiyyətlə sağlam hüceyrələri qoruyur. Alimlərin fikrincə, musiqi də təmiz hava qədər əhəmiyyətlidir. Gündə yarım saat klassik musiqi dinləmək fiziki və psixoloji sakitliyə səbəb olur. Ona görə də musiqi zövqü yaxşı inkişaf edən ölkələrdə depressiyaya meyil az olur və həmin ölkədə yaşayanlarda ürək-damar xəstəlikləri çox az hallarda müşahidə edilir.

Bu mövzuda danışanda yada Şuşanın əsrarəngiz təbiəti, təmiz havası və zəngin musiqi ənənələri düşür. Təsadüfi deyil ki, bəzi yerli mütəxəssislər Şuşada yaşayanların ürək-damar xəstəliklərindən az əziyyət çəkdiklərini iddia edirlər.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Şuşaya göndərilən həkim briqadasının üzvlərindən olan Mənsur Hümbətov AZƏRTAC-ın müxbiri ilə söhbətində həmin iddiaları təsdiqləyib.

Mənsur İslam oğlu Hümbətov Nərimanov Tibb Mərkəzinin nəzdindəki 2 nömrəli poliklinikanın həkim-terapevtidir. O, hələ 1979-cu ildə Xankəndidə tibb müəssisələrinin birində həkim kimi fəaliyyət göstərib, Şuşada yaşayıb. Birinci Qarabağ müharibəsində isə əsasən Ağdərə və Ağcabədidə yaralıların müalicəsində bilavasitə iştirak edib, Vətən müharibəsi veteranıdır.

Şuşanı özünə əzəldən doğma bilən Mənsur həkim üçün bu gün yenidən Şuşaya qayıtmaq, oradakı vətəndaşların, hərbçilərin qulluğunda dayanmaq qürurverici hissdir.

Həkim-terapevt qeyd edib ki, Şuşanın havası ürək-damar sistemi xəstəliklərinin nəinki qarşısını alır, şəhərin təmiz havası həmin xəstəliklərin dərmanıdır: “Musiqinin zənginliyi, mədəniyyətin yüksək inkişaf etməsi də bir sıra xəstəliklərin, xüsusilə də psixoloji sarsıntıların qarşısını almaq baxımından əhəmiyyətlidir. Şuşa elə şəhərdir ki, burada ilin bütün fəsilləri öz çalarını qoruyub saxlayır. Qışı qış, yazı da yazdır... Bu, xəstəliklərdən qorunmaq üçün vacib faktordur”.

M.Hümbətovun dediyinə görə, Şuşaya yola düşən həkim briqadaları hər həftə əvəzlənir: “Bu briqadalar ixtisaslı həkimlərdən təşkil olunur. Onların arasında terapevt, stomatoloq və cərrahlar var. Burada həm əsgər və zabitlərin, həm də şəhərin müxtəlif xidmət sahələrində çalışan işçilərin müalicəsi həyata keçirilir. Son vaxtlar şikayətlər havaların soyuq keçməsi ilə əlaqədar olaraq daha çox soyuqdəymə, qrip və sinir əzələ sisteminin narahatlıqları ilə bağlıdır. Xəstələrə həkim briqadası tərəfindən yerindəcə yüksək xidmət göstərilir, lazımi dərman preparatları tövsiyə edilir. Şəhərdə dərmanlarla yaxşı təchiz edilmiş aptek fəaliyyət göstərir. Həkim təyinatı və dərman təminatı nəticəsində xəstələrin müalicəsi lazımi şəkildə həyata keçirilir”.

Mənsur Hümbətov indiki Şuşanı 40 il əvvəlki ilə müqayisə edir. Onun dediyinə görə, mənfur düşmən Şuşanı çox dəyişsə də, bu gün onun sinəsini Azərbaycan əsgərinin, sakinlərin izləri naxışlayır: “Şuşanın yollarında Azərbaycan əsgərinin izini təqib edərək addımlayırıq. Qədim qalanın dövrələdiyi şəhər qar yorğanını üstündən atıb qışdan yaza çıxan təbiət kimi addım-addım, qarış-qarış, dalan-dalan, keçə-küçə dirçəlir, gözəlləşir. Vaxtilə Şuşada olan əmin-amanlıq, canlanma, coşqun həyat geri qayıdır. Özündə qəhrəman ata-babalarımızın izlərini yaşadan qala-şəhərə qovuşduğumuza görə, onların layiqli varisləri olan əsgər və zabitlərə çox minnətdaram. Onlar bu müqəddəs torpağı öz halal sahibinə qaytarmaq üçün canlarını, qanlarını belə əsirgəmədilər. Onsuz da müqəddəs olan bu torpaqları bizim üçün bir az da əziz və doğma məkana çevirdilər. İndi bu ucalıqdan uzandıqca uzanan Vətən torpaqlarına, hər səhər üfüqdən boy göstərən Günəşin şəfəqlərinə, tərtəmiz və buludsuz mavi səmaya baxmaq və bu füsunkar gözəlliyi seyr etmək qəlbimizi fəxarət hissi ilə doldurur. Şuşanın təmiz havasını ciyərlərimizə çəkərək bizə bu xoşbəxtliyi bəxş edən Vətən oğullarının sağlamlığı keşiyində dayanmaq özü də böyük xoşbəxtlikdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.