Şuşanın inkişafında Ulu Öndərin xidmətləri böyükdür
AzerTAg.az

Bakı, 25 may, AZƏRTAC
Cari il Azərbaycan xalqının həyatında əlamətdar il olaraq qalacaq. Məhz bu il dünya azərbaycanlıları Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd edirlər. Ümummilli Liderin dövlət və millət qarşısındakı xidmətləri misilsizdir. Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaradaraq gələcəyə aparan yolları müəyyən edib.
AZƏRTAC xəbər verir ki, dahi şəxsiyyətin tarixi xidmətlərindən biri də Qarabağın sosial-iqtisadi inkişafının təmin edilməsi və xüsusilə Şuşa şəhərinin Qarabağın mərkəzi kimi inkişaf etməsində rolu ilə bağlıdır. Şəhərin inkişafına dair xüsusi qərarlar məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul olunub.
1970-ci illərin ikinci yarısında Şuşa şəhərinin inkişafı baxımından Ulu Öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə bir sıra xüsusi qərarlar qəbul edilmiş, şəhərin tarixi abidələri bərpa edilmiş, iri mehmanxana kompleksləri, yeni yaşayış və inzibati binalar tikilmişdi. Həmçinin Şuşanın statusunu yüksəltməklə, ümumittifaq əhəmiyyətli kurort şəhərinə çevrilib.
Ümummilli Lider Şuşaya zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxırdı. Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə Şuşa şəhərinin inkişaf etdirilməsi məqsədilə 1970-ci illərin ikinci yarısında bir neçə xüsusi qərar qəbul edilib. Həmin qərarların yerinə yetirilməsinin böyük tarixi əhəmiyyəti var idi. Şəhərdə yerli sakinlərin-azərbaycanlıların həyat səviyyəsi yaxşılaşır, azərbaycanlıların milli ruhu güclənirdi. Ölkənin müxtəlif yerlərindən Şuşaya istirahətə gələnlər, eyni zamanda, Azərbaycanın tarixi, mədəniyyəti və incəsənəti ilə yaxından tanış olurdular.
Hazırda prioritet fəaliyyət istiqamətləri sırasında Qarabağın, o cümlədən Şuşa şəhərinin bərpasının intensivləşdirilməsi ön plana çıxarılmışdı.
Müasir dövrdə Şuşanın dirçəldilməsinin strateji əhəmiyyəti çox böyükdür. Belə ki, Qarabağ Zəfərində Şuşa şəhərinin işğaldan azad edilməsi həlledici rol oynamışdı. Dünyanın hərb dərsliklərinə düşmüş Şuşa Zəfər döyüşünün bir əfsanəyə çevrilməsi, Şuşa fatehlərinin misilsiz igidliyi və qəhrəmanlığı tarixlər boyunca yaşayacaq. Məhz bu səbəblərdən Şuşa hazırda Qarabağda və ümumilikdə işğaldan azad olunmuş torpaqların dirçəldilməsi proseslərində əsas mərkəz və istinad məbədi kimi baxılır və qiymətləndirilir. Beləliklə, Azərbaycan xalqının qəhrəmanlıq simvolu kimi Şuşa bütün dünya azərbaycanlılarını birləşdirən müqəddəs məkana çevrilib. Şuşa şəhərinin sosial-iqtisadi inkişaf prioritetləri artıq müəyyənləşdirilib və hazırda şəhər geniş tikinti meydançasını xatırladır. Hər tərəfdən qədim abidələr, memarlıq nümunələri təmir edilir, sosial və xidmət infrastrukturu yaradılır, yaşayış binaları tikilir, zəruri infrastruktur yaradılır. Bir sözlə, Şuşa şəhərinin dirçəldilməsi prosesləri intensiv xarakter daşıyır.
Şuşa şəhərinin sosial-iqtisadi dirçəldilməsi və şəhərin sahəvi strukturunun formalaşdırılması, milli ornamentlər, ənənəvi dəyərlər, məşğulluq sahələri və digər məsələləri nəzərə alınmaqla, burada iqtisadiyyat quruculuğunun təmin edilməsi strateji əhəmiyyət kəsb edir.
Şuşa artıq Türk dünyasının mədəniyyət mərkəzi kimi ildən-ilə özünün strateji mövqeyini artırmaqdadır. Şəhər, eyni zamanda, bütün dünya azərbaycanlılarını birləşdirən müqəddəs yer statusuna malikdir, Cənubi Qafqazın incisi hesab olunur. Azərbaycanın ən dəyərli bölgələrindən və qiymətli strateji əhəmiyyət kəsb edən mərkəzlərindən biridir.
Müasir dövrdə intensiv şəkildə aparılan quruculuq işlərini əsas götürülməklə, əminliklə demək olar ki, Şuşa şəhərinin sosial-iqtisadi dirçəldilməsi, həm də Qarabağın strateji inkişaf impulsları kimi dəyərləndirilə bilər.
Xəbərin mətnində orfoqrafik səhv var