CƏMİYYƏT


Şuşanın işğalı ilə əlaqədar Marneulidə  "İtirilmiş cənnət" adlı tədbir keçirilib

Tbilisi, 8 may, AZƏRTAC

Gürcüstanın Marneuli rayonunda Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) Şuşa şəhərinin işğalının 27-ci ildönümünə həsr olunmuş "İtirilmiş cənnət" adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, GAİM-nin müəllim və şagirdləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərkəzin icraçı direktoru Aygül İsayeva çıxışında bildirib ki, Azərbaycanın Şuşa şəhərinin işğalından 27 il ötür. Bugünkü tədbirin keçirilməsində məqsəd Şuşanın tarixi, işğal nəticəsində dağıdılmış mədəni irsi, şəhərin erməniləşdirilməsi barədə faktları bir daha ictimaiyyətin diqqətinə çatdırmaq, xüsusən də yeniyetmə və gəncləri məlumatlandırmaqdır. Onun sözlərinə görə, Gürcüstanın Azərbaycandilli məktəblərində Azərbaycan tarixi fənni tədris olunmur və buna görə də azərbaycanlı gənclər Azərbaycan tarixi barədə az məlumatlıdırlar. İnteqrasiya Mərkəzində Gürcüstan və dünya tarixi ilə yanaşı, Azərbaycan tarixi də tədris olunur. Bu dərslər azərbaycanlı gənclərin Azərbaycan tarixi ilə tanış olmasına kömək edir.

Sonra səfir Dursun Həsənov Azərbaycan Xarici İşlər Nazirliyinin Şuşanın işğalının 27-ci ildönümü ilə bağlı yaydığı bəyanatını oxuyub. Diplomat Azərbaycanın ədalətli mövqeyi barədə məlumat verib, işğal altında olan torpaqlarımızın gec-tez azad olunacağını bildirib.

GAİM-in tarix müəllimi Nərgiz Nəbiyeva çıxışında Şuşanın Ermənistan silahlı bölmələri tərəfindən işğal olunması, azərbaycanlılara qarşı törədilən soyqırımı barədə danışıb.

Tədbirdə GAİM-in müəllimləri çıxış edib, Azərbaycan tarixinin ayrı-ayrı məqamları barədə məlumat veriblər.

Çıxış edənlər Azərbaycanın əzəli torpaqlarının azad olunacağına inandıqlarını bildiriblər.

Tədbir çərçivəsində Şuşa şəhərinin tarixi, dağıdılmış mədəni və dini abidələrin əks olunduğu sənədli film və fotoslayd nümayiş etdirilib.

GAİM-in şagirdləri Şuşaya həsr olunmuş şeirlər söyləyiblər.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.