MƏDƏNİYYƏT
“Şuşanın sədaları” dinlənilib
Bakı, 22 iyun, Zərəngiz Mansurova, AZƏRTAC
İyunun 22-də Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda Şuşa şəhər musiqi məktəblərinin şagirdlərinin iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Milli Ordusunun yaranmasının 100 illiyinə həsr olunan “Şuşanın sədaları” mövzusunda konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, ittifaqın sədri, Xalq Artisti, bəstəkar Firəngiz Əlizadə əsrarəngiz Qarabağ torpağının dilbər guşəsi Şuşanın Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olduğunu söyləyib. Şuşada doğulub boya-başa çatan istedadlı insanların mədəniyyətimizə böyük töhfələr verdiyini bildirilib. F.Əlizadə 26 ildir ki, düşmən tapdağında əzilən bu qədim, əzəli-əbədi torpağın yenidən öz sahiblərinə qovuşacağı günün çox yaxında olduğunu bildirib, Bakıda məskunlaşmış Şuşa şəhər musiqi məktəbləri şagirdlərinin konsertinin istedadların üzə çıxmasında böyük əhəmiyyət daşıdığını deyib.
Şuşa Şəhər İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətullayeva Azərbaycanın mədəniyyət paytaxtlarından olan Şuşa şəhərinin işğalından və bədnam ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi faciələrdən danışıb. Bildirilib ki, dinc əhaliyə qarşı amansız vəhşiliklər törədən erməni təcavüzkarları şəhəri yerlə-yeksan edib, tarixi və mədəni abidələrini dağıdıb vandalizm aktı həyata keçirsələr də Şuşa sakinləri yenə bu qədim mədəniyyət mərkəzini bərpa edib oraya dönəcəklər.
V.Fətullayeva gənc musiqiçılərə yaradılan şərait, onlara göstərilən qayğı üçün F.Əlizadəyə təşəkkürünü bildirib və üç dildə nəşr olunan “Qarabağ” kitabını bəstəkara təqdim edib.
Sonda musiqi məktəbi şagirdlərinin ifasında Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Səid Rüstəmov, Zakir Bağırov, Süleyman Ələsgərov, Azər Rzayev, Adil Bəbirov ilə yanaşı, Qərb bəstəkarlarının əsərləri səsləndirilib.
Konsert alqışlarla qarşılanıb.