ELM VƏ TƏHSİL


Şuşanın tarixi abidəsi - Yuxarı Gövhər ağa məscidi

Bakı, 11 noyabr, AZƏRTAC

“Azərbaycan musiqisinin beşiyi”, “Zaqafqaziyanın konservatoriyası”, “Qafqazın sənət məbədi”, “Kiçik Paris” adlandırılan Şuşa şəhəri Qarabağın mədəniyyət mərkəzidir. Şuşada 549 qədim yaşayış binası, 17 məhəllə, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə və s. olub. Buradakı tarixi-dini mədəniyyət abidələrindən biri də Yuxarı Gövhər ağa məscidi və ya Şuşa cümə məscididir. Bu, şəhərin mərkəzi Meydanında tikilmiş ən qədim məsciddir. Yuxarı Gövhər ağa məscidi ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidəsi kimi qeydiyyata alınıb. Məscidin inşası dörd mərhələdə həyata keçirilib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin professoru, tarixçi-alim İbrahim Zeynalov söyləyib. Professor bildirib ki, ilk məscid (I mərhələdə) Qarabağ xanlığının və Şuşa qalasının banisi Pənahəli xanın göstərişi ilə Qarabağ xan sarayı ilə paralel, təxminən 1850-ci ildə inşa edilib. Bu, xanlığın mərkəzinin Şahbulaq qalasından Şuşaya köçürülməsi ilə bağlı olub. Pənahəli xanın göstərişi ilə Şuşa qalası, qala daxilində xan ailəsinin üzvləri üçün qəsr və saraylar, eləcə də məscid inşa edilib. İkinci məscid İbrahimxəlil xanın dövründə qamış məscidin yerində daşdan inşa edilib (1768-1769). XIX əsrin birinci yarısında Gövhər ağanın maddi köməyi ilə İbrahimxəlil xanın yararsız hala düşmüş məscidinin yerində qoşa minarəli üçüncü məscid inşa edilib. Bu məscid ikimərtəbəli, mərkəzi günbəzli və qoşa minarələrə malik idi. Həmin tikili XVI-XVIII əsrlərdə Azərbaycanda geniş yayılmış dini memarlıq kompozisiyası xüsusiyyətlərini əks etdirirdi. Məscidin binası ilə birbaşa əlaqədə olan və cinahlardan onun əsas girişini əhatə edən iki silindrik minarə binanın yuxarı yüksəlmiş memarlıq formalarını tamamlamaqla parlaq təəssürat yaradır. Məscidin təsvirlərinə müxtəlif müəlliflərin rəsm əsərlərində rast gəlinir. Məsələn, Vasili Vereşaginin rəsmlərində tikilinin memarlıq-bədii xüsusiyyətləri, minarələrin quruluşu və digər vəziyyəti, görünüşü barədə məlumatlar verilir. Onun “Tatarlar ibadət zamanı” rəsmində isə Şuşa cümə məscidinin konstruktiv strukturunun məntiqli fəzası və daxili planlaşdırma ilə yanaşı, həm də interyerin zəngin plastikası, incə cazibədarlıq və nağılvarı bəzəklərini görmək mümkündür.

1883-cü ildə Gövhər ağanın maddi vəsaiti əsasında üçüncü məscidin yerində Şuşanın dördüncü və sonuncu məscidi inşa edilib. Dördüncü məscidin müəllifi məşhur Kərbalayi Səfixan Qarabağidir. Bu, müəllifin ən yaxşı əsərləri sırasına daxildir. Məscidin minarələrinin dekoru və otaqların divar rəsmləri Mir Möhsün Nəvvab tərəfindən işlənib. Dördüncü məscid kompozisiya-planlaşdırma və memarlıq bədii xüsusiyyətlərinə görə sələfindən (3-cü məsciddən) kəskin şəkildə fərqlənir. Tikilinin eyvanının tağları üzərində Quran ayələri yazılmış dekorativ lent uzanır. Yuxarı Gövhər ağa məscidinin dam örtüyünün orta hissəsində əsas ox boyunca yerləşən və mərkəzi nefin üstünü örtərək 5 metr diametrə malik iki günbəz fərqlənir. Məscidə gözəllik verən fərqlərdən biri də kərpiclə hörülmüş minarələrin səthinin qabarıq lentlərlə üç hissəyə bölünməsi və rəngli daşlarla bəzədilməsidir.

Qeyd edək ki, dördüncü məscid dövrümüzə qədər yaxşı vəziyyətdə saxlanmışdı.

“1992-ci ilin mayında Şuşanın mənfur qonşularımız tərəfindən işğalı nəticəsində məscid erməni vandalizminə məruz qalıb və qismən dağıdılıb, interyerləri, demək olar, məhv edilib, minarələrinin dekoru zədələnib və çadırvarı örtükləri dağıdılıb.

Şuşa şəhərinin 2020-ci il noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən azad edilməsi ilə Yuxarı Gövhər ağa məscidi də erməni əsarətindən qurtardı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşanın azad olması ilə bağlı xalqa müraciətində bildirdi ki, şəhər tezliklə dirçəldiləcək.

Əminik ki, Gövhər ağa məscidi də lazımi səviyyədə bərpa olunacaq”, - deyə tarixçi-alim fikrini yekunlaşdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.