REGİONLAR


“Şuşanın tarixi-mədəni irsinin tədqiqi və təbliği” layihəsi həyata keçirilməyə başlanıb

Ağsu, 16 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqəsinin qalibi olan "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi avqustun əvvəlindən "Şuşanın tarixi-mədəni irsinin tədqiqi və təbliği" layihəsini həyata keçirməyə başlayıb.

Layihə ilə əlaqədar AZƏRTAC-ın bölgə müxbirinin suallarını cavablandıran İctimai Birliyin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli bildirib ki, layihənin əsas məqsədi Şuşada aparılan arxeoloji, etnoqrafik, epiqrafik, numizmatik və paleoqrafik tədqiqatların hesabatlarını bir yerə toplamaq, iki dildə nəşrə hazırlamaq və nəşr etmək, Britaniyada yerləşən Orta Əsrlər Sonrası Arxeologiya Cəmiyyəti ilə Şuşa şəhəri üçün əməkdaşlıq etmək, bu ilin noyabr ayında Şuşa şəhərində “Abidələr və Tarixi Yerlər Dördüncü Beynəlxalq Şuşa Simpoziumu”nu keçirməkdir.

F.Xəlilli qeyd edib ki, layihənin planlaşdırılması mərhələsində ekspertlər müəyyən edilib, könüllülər cəlb edilib, onların iştirakı ilə fərdi qaydada işçi görüşlər keçirilib. Milli Azərbaycan Tarixi Muzeyinə, Azərbaycan Milli Xalça Muzeyinə, onun Şuşa filialına, Milli Arxiv İdarəsinə, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna, Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutuna və Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna fond və arxivlərində araşdırma aparılması üçün müraciət olunub. Yaxın günlərdə Şuşa şəhərində, xüsusən epiqrafik araşdırmanın aparılması planlaşdırılıb, mütəxəssislər müəyyən edilib. Görülən işlərlə yerli və xarici ictimaiyyəti tanış etmək üçün feysbuk sosial şəbəkəsində "Şuşanın tarixi-mədəni irsi" səhifəsi yaradılıb.

Avqustun 11-də layihənin ekspertləri və könüllüləri ilə Milli Azərbaycan Tarixi Muzeyinin akt zalında növbəti toplantı təşkil olunub. Əvvəlcə Qarabağ xanlığına məxsus əşyaların nümayiş olunduğu sərgiyə baxış keçirilib. Sərgidə nümayiş olunan maddi-mədəniyyət nümunələrinin böyük bir hissəsi araşdırmada öz yerini alacaq. Toplantıda arxeoloq Prof.Dr. Qafar Cəbiyevin, epiqrafçı alim Dos.Dr. Həbibə Əliyevanın, etnoqraf Dos.Dr. Gülzadə Abdulovanın, numizmat Dos.Dr. Aygün Məmmədovanın, mətnşünas Şəhla Xəlillinin layihə üzrə planları müzakirə olunub, tədqiqat üsulları və mərhələləri təsdiq olunub. Layihəyə qoşulan könüllülərin görəcəkləri işlər barədə məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.