REGİONLAR


Şuşaya bəslənən sevgi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır

Qusar, 17 may, Elxan Yusifli, AZƏRTAC

2022-ci ilin “Şuşa İli” elan olunması Qarabağda sülh və təhlükəsizliyin təmin edilməsinə, iqtisadi, mədəni, sosial inkişafa hesablanmış müdrik qərardır. Şuşa şəhəri xalqımız üçün son dərəcə əziz, müqəddəs bir məkandır və bu şəhərə bəslənən sevgi, bağlılıq hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Qusar rayon Heydər Əliyev Mərkəzində “Zəfərin zirvəsi - Şuşa” mövzusunda təşkil olunan konfransda bildirilib.

Konfrans iştirakçıları öncə Qusar Mədəniyyət Mərkəzi filiallarının dərnək üzvlərinin Şuşaya həsr etdikləri rəsm və dekorativ-tətbiqi sənət nümunələrindən ibarət sərgiyə baxış keçirib, musiqi nömrələrini dinləyiblər.

Tədbir respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Qusar rayon Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurahmanova bildirib ki, Vətən müharibəsinin 43-cü günü olan 8 noyabr 2020-ci il tariximizə ən şanlı günlərdən biri kimi yazılıb. Ordumuzun Şuşa döyüşlərində qələbəsi müharibənin sonrakı gedişi və taleyinə həlledici təsir göstərərək Zəfər günü kimi əbədiyyətə həkk olunub.

Qusar Rayon İcra Hakimiyyətinin əməkdaşı, Şuşa uğrunda gedən döyüşlərin iştirakçısı Tural Hüseynov çıxış edərək, 44 günlük müharibədə vətənpərvərliyin və milli birliyin əhəmiyyətindən danışıb. Bildirib ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun şücaəti sayəsində xalqımızın Şuşa arzusu gerçəkləşib, mədəniyyət beşiyi olan şəhərimiz düşməndən azad edilib.

Şuşa uğrunda gedən döyüşlərin iştirakçısı İlkin Abuyev bu döyüşlərin strateji əhəmiyyətindən və ordumuzun rəşadətindən söz açıb.

Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar rayonu üzrə nümayəndəsi Elnur Eldarov hazırda Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada aparılan tikinti-quruculuq işlərindən, mədəni mühitin bərpasından danışıb.

Daha sonra Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qusar filialının sədri Canəli Hörmətov, şəhid Ağa Ağayevin bacısı Nargilə Ağayeva, Vətən müharibəsi döyüşlərinin iştirakçısı polkovnik-leytenant Rəşad Aslanovun atası Əmirbəy Aslanov çıxış edərək, Azərbaycan Prezidenti İlham Əliyevin öz vətəndaşlarına nə qədər bağlı olduğunu, dövlətimizin milli maraqlarını qətiyyətlə müdafiə etdiyini diqqətə çatdırıblar.

Tədbirdə şəhid Çoban Nurmətovun oğlu İmamın vətənpərvərlik ruhundakı çıxışı, Nərmin Əliverdiyevanın “Şuşam mənim” şeiri konfrans iştirakçılarına duyğulu anlar yaşadıb.

Konfransın yekununda “Şuşa – Azərbaycanın mədəniyyət və tarix incisi” mövzusunda videoçarx nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.