CƏMİYYƏT


Süsənin göy qurşağını xatırladan çiçəkləri

Bakı, 2 iyun, AZƏRTAC

İri və rəngarəng çiçəkləri, təbii ətri, göz oxşayan görkəmi ilə olduğu məkanlara gözəllik gətirən süsənin yetişdirilmə tarixi çox qədim zamanlara gedib çıxır. Ona daha çox daşlı-çınqıllı qayalıqlarda rast gəlinir.

Azərbaycan Milli Elmlər Akademiyasının Nəbatat Bağının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Asif Mehralıyev AZƏRTAC-a deyib: “Süsənin 800-ə qədər növü olsa da, ölkəmizdə onun yabanı halda bitən 26 növünə rast gəlmək olar. Növlərinin zənginliyi və rəngarəngliyinə görə həmin çiçəkləri göy qurşağı da adlandırırlar. Bir çox ölkələr onu özlərinin milli rəmzi kimi qəbul ediblər. Süsən kökümsovları ilə çox rahat çoxalan bitkidir. Adətən bir yerdən başqa yerə torpaqlı şəkildə əkilir. Elə əkildiyi il də çiçək açmağa başlayır”.

Botanik-alimin dediyinə görə, xüsusi qulluq tələb etmədiyindən bitkiyə arabir su verilməsi kifayətdir. Xəstəliklərə qarşı davamlı olan bitkiyə qulluq zamanı sudan çox istifadə edilməməlidir, əks halda köklərində su yığılaraq çürüməyə səbəb olur.

May-iyun ayları süsənin çiçəkləmə dövrüdür. Həmin dövr bitkinin növlərindən asılı olaraq mərhələli şəkildə baş verir və çiçəklər 20-22 gün qalır. Süsən bitkisi saqqallı və saqqalsız olmaqla iki növə bölünür. Uzun müddət yarpaqları yaşıl qaldığı və eyni zamanda rənglərinə görə yaşıllaşdırma və dekorasiyada daha çox istifadə olunur.

Süsənlərin kök yumrularından tibdə də istifadə olunur. Öskürək, dəri xəstəlikləri və digər xəstəliklərə qarşı onun köklərindən istifadə edilir. Ətriyyatda və sənayedə də ondan istifadə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.