MƏDƏNİYYƏT
“Suvar” folklor rəqs qrupu “YARAT”ın səhnəsində çıxış edəcək
Bakı, 13 dekabr, AZƏRTAC
Dekabrın 15-də “YARAT” Müasir İncəsənət Mərkəzində Dağıstanın “Suvar” folklor qrupu konsert proqramı ilə çıxış edəcək.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, “YARAT Freestyle” proqramı çərçivəsində reallaşacaq konsert Dağıstan Respublikasının Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü ilə təşkil olunur.
Qeyd edək ki, "Suvar" folklor qrupu 1996-cı ildə Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi, tanınmış yazıçı-jurnalist Sədaqət Kərimovanın təşəbbüsü və "Samur" Ləzgi mədəniyyət mərkəzi ictimai birliyinin dəstəyi ilə yaradılıb. Həmin vaxtdan bəri, bu kollektiv Azərbaycan və Dağıstan sakinlərinin böyük sevgisini qazanıb. 2011-ci ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ansambla “Xalq kollektivi” fəxri adı verilib. Həmin il, ansambl Ankarada keçirilən beynəlxalq festivalda Azərbaycanı ləyaqətlə təmsil edib.