REGİONLAR
Suvarma kanalları və kollektor sistemi lildən təmizlənib, hidrotexniki qurğularda cari təmir işləri görülüb VİDEO
Biləsuvar, 20 may, AZƏRTAC
Cəbrayıl Suvarma Sistemləri İdarəsi ümumilikdə 4809 hektar sahəyə xidmət edir. Yem bitkiləri, taxıl, pambıq, tut bağı, çuğundur, həyətyanı və örüş sahələrindən ibarət olan bu ərazilərin su təminatı 5 ədəd nasos stansiyası vasitəsilə həyata keçirilir. Bir ədəd nasos stansiyası rayonun Cocuq Mərcanlı kəndində 417 hektar, Füzuli rayonunun Mirzənağılı və Qazaxlar kəndində isə 280 hektar sahəni su ilə təmin edir. Stansiya Araz çayından qidalanır, bunun üçün Araz çayından uzunluğu 4,2 kilometr olan qol çəkilərək stansiyaya birləşdirilib.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Cəbrayıl Suvarma Sistemləri İdarəsi xidmət etdiyi ərazilərdə suvarma işlərinin yaxşılaşdırılması üçün bir sıra işlər görüb. Belə ki, hidrotexniki qurğular sazlanıb, suvarma və kollektor kanalları lildən təmizlənib. Yaz-tarla işləri üçün suvarma qrafiki tərtib edilərək növbəlilik prinsipinə uyğun olaraq işlər yerinə yetirilir.
Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış 11 qəsəbədə 4 nasos stansiyası 4112 hektar sahəyə xidmət göstərir. Xidməti sahədə ümumilikdə, 99,40 kilometr suvarma kanalları mövcuddur ki, bunun 16,4 kilometr qapalı şəbəkə, 83 kilometr açıq suvarma kanallarıdır. Açıq kanalların 33,2 kilometri beton, 49,8 kilometri torpaq tiplidir. 507 ədəd hidrotexniki qurğu var. Cari il idarə tərəfindən taxıl, pambıq, şəkər çuğunduru, yem bitkiləri sahələrinin və həyətyanı sahələrin suvarılması təmin edilir.
Suvarma işi üçün fəaliyyət göstərən nasos stansiyalarından ikisi 3 aqreqatlı, ikisi isə 2 aqreqatlıdır, 1 stansiya isə 1 aqreqatla fəaliyyət göstərir. Hər il olduğu kimi, bu ildə də nasos stansiyası aqreqatlarının işçi hissələri yenisi ilə əvəzlənib, aqreqatlar, hidrotexniki qurğular, maşın və mexanizmlər cari və ya əsaslı təmir olunub, kanal və kollektorlar lildən təmizlənir. İlin 1-ci rübündə suvarma kanalları və kollektor sistemi plana uyğun olaraq lildən təmizlənib, hidrotexniki qurğularda cari təmir işləri görülüb.