İQTİSADİYYAT
Suveren Fondların Beynəlxalq Forumunun XII illik yığıncağı Bakıda keçiriləcək
Bakı, 20 sentyabr, AZƏRTAC
Suveren Fondların Beynəlxalq Forumunun (SFBF) XII illik yığıncağı 2020-ci ildə Bakıda keçiriləcək.
Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) AZƏRTAC-a bildirilib ki, sentyabrın 18-21-də Mərakeşdə keçirilən Suveren Fondların Beynəlxalq Forumunun X illik yığıncağında Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir. Mərakeşin “Ithmar Capital” Strateji İnvestisiya Fondunun ev sahibliyi ilə keçirilən yığıncağa SFBF-nin 31 üzvünün maliyyə və inkişaf institutlarını təmsil edən 70-dən çox nümayəndəsi qatılıb.
Yığıncaq çərçivəsində SFBF-nin idarə heyətinin yeni tərkibinə seçkilər keçirilib və Şahmar Mövsümov idarə heyətinə üzv seçilib. İdarə heyətinin digər üzvlərinə Əbu Dabi İnvestisiya Fondunun strategiya və planlaşdırma departamentinin icraçı direktoru Məcid Alromaiti (sədr), Alyaska Daimi Fondunun rəhbəri Angela Rodel (sədr müavini), Çin İnvestisiya Korporasiyasının prezidenti Tu Quanqşao, Sinqapurun Dövlət İnvestisiya Korporasiyasının baş direktoru Deanna Onq daxildir.
Yığıncaq zamanı keçirilən səsvermə nəticəsində SFBF-nin 2020-ci ildə XII illik yığıncağının ARDNF-in təşkilatçılığı ilə Bakıda keçirilməsi qərara alınıb.
“Dəyişən dünyada idarəçilik, investisiya və innovasiya” mövzusunda keçirilən yığıncaqda uzunmüddətli və dayanıqlı investisiya, dünyada maliyyə sabitliyi, qloballaşma dövrünün çətinlikləri və innovativ texnologiyaya investisiya yatırımı kimi mövzular müzakirə edilib, panel sessiyalar təşkil olunub.
Suveren Fondların Beynəlxalq Forumu Suveren Fondların Beynəlxalq İşçi Qrupunun 2009-cu il aprelin 5-6-da Əl-Küveyt şəhərində keçirilmiş iclasında yaradılıb və ilk rəsmi yığıncağını 2009-cu il oktyabrın 8-9-da Bakıda keçirib. SFBF könüllü qrup olub, əsas məqsədi Suveren Fondların ümumi maraqlarına dair məsələlər ətrafında fikir mübadiləsi aparmaq, Santyaqo prinsipləri və Suveren Fondların fəaliyyətinin anlaşılmasını asanlaşdırmaqdır.