CƏMİYYƏT


Suya qənaət mövzusunda keçirilən hakatonun qalibləri müəyyənləşib

Bakı, 7 iyul, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, BMT-nin İnkişaf Proqramı (BMTİP) və “Hackathon Azerbaijan” komandası Azərbaycanda suya qənaət mövzusunda ilk virtual hakaton keçirib. Hakatona 300-dən çox müraciət qeydə alınıb.

BMTİP-nin Azərbaycan ofisindən AZƏRTAC-a verilən məlumata görə, hakatonda, ümumilikdə 36 komanda iştirak edib. Azərbaycanın dörd bir yanından yarışmaya qatılan iştirakçılar, mövcud su problemlərini həll etmək üçün maraqlı layihələr təklif ediblər. Layihələr maşın öyrənməsi, daşqınları proqnozlaşdıran tətbiqlər və ağıllı suvarma sistemləri kimi innovativ həlləri əhatə edib.

Yerli və xarici mütəxəssislərin, innovatorların, eləcə də su üzrə mütəxəssislərin yer aldığı münsiflər heyəti komandaların hazırladıqları layihələri dəyərləndirib və qalibləri müəyyən ediblər.

Rəqabətli seçimlərin nəticəsi olaraq:

Birinci yer (5000 AZN): “Aducoman” komandası alternativ enerji mənbələrindən istifadə edərək dəniz suyundan təmiz su çıxarmaq üçün yeni bir prosedur təqdim edib.

İkinci yer (3000 AZN): “Aquahakermaks” komandası suyun nə vaxt və nə qədər istifadə olunduğunu göstərən IoT (əşyaların interneti) əsaslı cihaz hazırlayıb.

Üçüncü yer (2000 AZN): “Satetlite” komandası suyun israfını azaltmaq üçün ağıllı suvarma sistemi təqdim edib.

Bununla yanaşı, ideyaları ilə fərqlənən və münsiflər tərəfindən xüsusi olaraq qeyd edilən komandalar aşağıdakılar olub:

4-cü yer: “Conwat” komandası kondensasiya prosesi nəticəsində ixrac olunan suyun toplanılaraq həmin ərazinin ətrafında olan yaşıllığın suvarılması üçün hazırlanmış bir qurğu təqdim edib.

5-ci yer: “Lily” komandası suya həssas sensor vasitəsilə yağış sularının yaşayış binalarında və təsərrüfatda daha səmərəli istifadəsini təmin etmək üçün cihaz hazırlayıb.

Qaliblər gələcək həftələr ərzində ideyalarını həyata keçirmək üçün mentorlarla birgə çalışacaqlar.

Hakatona Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, “ASAN xidmət”, Aqrar Elm və İnnovasiyalar Mərkəzi, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC, “Cyber Security Academy”, “Sumaks”, “Techland”, “Caspian European Club”, “INNOLAND”, “eaziSTART”, “Next Step” İnnovasiya Mərkəzi, “İdrak”, Qlobal Proqramçılar Klubu, “GDG Baku”, “Yer”, “İlk Addımlar”, “AzCloud”, “AzInTelecom” və Məlumat Hesablama Mərkəzi kimi qurum və təşkilatlar dəstək olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.