İDMAN
“Synergy Baku” velosiped komandası Çində keçirilən yarışda ikinci yerdədir VİDEO
Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası “Synergy Baku” Çində keçirilən daha bir çoxgünlük yarışda mübarizə aparır.
Azərbaycan Velosiped İdmanı Federasiyasından AZƏRTAC -a bildiriblər ki,velosipedçilərimiz sayca 5-ci dəfə təşkil olunan “Tour of Taihu Lake” yürüşündə uğurla çıxış edirlər. Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyasına malik 9 mərhələli yarışda 17 kontinental və 3 milli komanda iştirak edir.
Noyabrın 3-də keçirilən üçüncü mərhələdə iştirakçılar 135,4 kilometr məsafə qət ediblər. Velosipedçilərimizin hamısı - Maksim Averin, Aleksandr Surutkoviç, İsmayıl İlyasov, Samir Cəbrayılov, Elçin Əsədov və Ənvər Asanov finiş xəttini liderlə eyni vaxtda keçən pelotonun içərisində olublar - 3 saat 4 dəqiqə 49 saniyə. Üç mərhələdən sonra ümumi sıralamada ilk iyirmilikdə komandamızın üç üzvü yer alıb. Belə ki, Samir Cəbrayılov 11-ci, Aleksandr Surutkoviç 13-cü, Maksim Averin isə 18-cidir.
Yarışda 23 yaşadək velosipedçiləri arasında Samir Cəbrayılov ilk üçlüyü tamamlayıb. O, liderə cəmi 15 saniyə uduzub. İsmayıl İlyasov 7-ci, Ənvər Asanov 13-cü pillədə qərarlaşıb. Komanda hesabında “Synergy Baku” 2-ci yerdədir. Noyabrın 4-də keçiriləcək dördüncü mərhələdə iştirakçılar 129,7 kilometr məsafə qət etməlidirlər.