İDMAN
“Synergy Baku” velosiped komandası ikinci dəfə mərhələ qalibi olub VİDEO
Bakı, 6 may, AZƏRTAC
Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour d’Azerbaïdjan-2016” veloyürüşünün 3-cü mərhələsi də Azərbaycanın “Synergy Baku” kontinental komandası üçün uğurlu alınıb. İkinci mərhələdə olduğu kimi, yenidən komandamızın üzvü finiş xəttini hamıdan öndə keçib.
AZƏRTAC xəbər verir ki, bu dəfə Matey Müqerli azarkeşlərə sevinc dolu anlar yaşadıb.
Marşrutu 4 saat 18 dəqiqə 44 saniyəyə başa vuran M.Müqerli bununla da finişi onunla eyni vaxtda keçən 13 nəfərlik qrupda hamını qabaqlayıb. İkinci yerə bir gün əvvəlki kimi, yenidən Avstriyanın “Felbermayr - Simplon Wels” klubunun üzvü, ötən mövsümü “Synergy Baku”nun heyətində keçirən Markus Eybeger layiq görülüb. İlk üçlüyü Birləşmiş Ərəb Əmirliklərinin “NASR-Dubai” komandasının üzvü Luka Vakerman tamamlayıb.
“Synergy Baku”nun digər üzvləri - Maksim Averin 12-ci, Matiya Kvasina 20-ci, Kiril Pozdnyakov 22-ci, Yannis Tamuridis isə 30-cu olub. Bu nəticə “Synergy Baku”ya komanda hesabında birinci yeri qorumağa imkan verib. Ümumi təsnifata gəlincə, komanda üzvlərimizdən Maksim Averin 4-cü, Matey Müqerli 7-ci, Matiya Kvasina 12-ci, Kiril Pozdnyakov isə 13-cüdür.
Üç mərhələdən sonra ümumi təsnifatın lideri üçün nəzərdə tutulan mavi rəngli “Synergy Group” köynəyini Avstriyanın “Felbermayr - Simplon Wels” klubunun üzvü Daniel Şorn ələ keçirib. O, həmçinin ən yaxşı sprinter kimi yaşıl rəngli “SOCAR” köynəyinə də yiyələnib. İtaliyanın “Unieuro Wilier” komandasının nümayəndəsi Mauro Finetto ən yaxşı dağ velosipedçisi kimi qırmızı rəngli “AZAL” köynəyini, Rusiyanın pro-kontinental “Gazprom-Rusvelo” komandasının velosipedçisi İldar Arslanov isə ən yaxşı gənc velosipedçi kimi bənövşəyi rəngli “Ataholding” köynəyini özündə saxlayıb.
Qaliblərə mükafatları veloturun Təşkilat Komitəsinin sədri, Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov, Avropa Velosipedçilər Birliyinin vitse-prezidenti Aleksandr Qusyatnikov və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev təqdim ediblər.
“Bu gün maraqlı finiş alındı. Sona az qalmış rəqiblərim hücuma keçdi və bu səbəbdən sürəti artırmalı oldum”, - deyə mərhələnin qalibi Matey Müqerli mətbuat konfransında bildirib. Onun sözlərinə görə, belə bir yarışda uğur qazanmaq həm onun özü, həm də komandası üçün olduqca vacibdir: “Ötən il komanda hesabında çempion olduq, dağ köynəyini götürdük, amma mərhələ qalibiyyətimiz olmadı. Bu dəfə isə artıq 2 dəfə mərhələ qalibi olmuşuq”.
Kifayət qədər mürəkkəb dağ mərhələsi sayılan sabahkı yarış günündə iştirakçılar saat 10:30-da Qəbələ Rayon İcra Hakimiyyətinin qarşısından start götürəcəklər və 115,3 kilometr məsafə qət etdikdən sonra Vergilər Nazirliyinin Pirquluda yerləşən Tədris Mərkəzinin qarşısında finiş xəttini keçəcəklər.