DÜNYA
TƏBABƏT XƏBƏRLƏRİ
Hindistan Tibbi Tədqiqatlar Şurasının bir qrup alimi ən təhlükəli xəstəliklərdən olan diabetə qarşı dərman maddəsi hazırlanmasını uğurla başa çatdırmışdır. Onun üçün xammal kimi tutdan istifadə edilmişdir. Tutun müalicəvi xassələri isə hələ qədim hind ədəbiyyatında təsvir olunmuşdur.
Mütəxxəssislər qara tutdan dörd komponent hasil etmişlər. Onlardan hər biri klinika şəraitində dovşanlar üzərində sınaqdan çıxarılmışdır. Tədqiqatlar göstərmişdir ki, komponentlərdən birinin tərkibinə daxil olan oliqosaxarid və peptidoqlikan şəkərin qanda cəmləşməsinin səviyyəsini səmərəli şəkildə aşağı salır. Hipoqlikemik təsirə malik yeni dərman ABŞ-da bitki mənşəli antidiabetik vasitə kimi patent almışdır.
X X X
Çinin Şanxay şəhərindəki məktəblərin ibtidai və orta sinif şagirdləri üçün dərsliklərin vərəqləri sarı rəngdə olacaqdır. Bu yenilikdən məqsəd gənc nəslin görmə qabiliyyətini qorumaqdır. Məsələ bundadır ki, dərs yükünün artması və kompüterlərin getdikcə daha geniş tətbiqi ilə əlaqədar uşaqlar göz həkimlərinə tez-tez müraciət etməli olurlar. Statistikaya görə, indi Şanxay məktəblilərinin yarıdan çoxu yaxındangörmədən əziyyət çəkir.
Həkimlərin fikrincə, kitabın səhifələrinin sarı kağızda qara rəngli hərflərlə çap edilməsi, qara-ağ rənglə müqayisədə göz üçün daha xeyrlidir. Təmiz spektral rənglər şkalasına görə, məhz sarı rəng tor qişasının gücə düşməməsi üçün daha münasibdir. Odur ki, sarı fonda çap olunmuş mətn şagirdləri çox yormayacaq və onların sağlamlığına müsbət təsir göstərəcəkdir.
X X X
Alman toksikoloqu Fridrix Vibel belə bir qənaətə gəlmişdir ki, “boş” tütündən hazırlanmış siqaretlər “bərk” və ya siqaretlərə nisbətən insan orqanizmi üçün heç də az təhlükəli deyildir.
F.Vibel insanları “boş siqaretlərin üstünlükləri” barədə fikirlərlə bilərəkdən aldadan tütün məmulatı istehsalçılarını tənqid edir. Bu cür reklam ilk növbədə qadınları şirnikləndirir, guya belə siqaretlər çəkməyin ziyanı azdır. Əslində isə heç də belə deyildir.
İTAR-TASS xəbər verir ki, alman toksikoloqlarının son illər apardıqları tədqiqatlara görə, AFR-də “boş” siqaretləri üstün tutan adamlarda da ağ ciyərin bədxassəli şişləri nəzərəçarpacaq dərəcədə artmışdır. Beləliklə, Fridrix Vibel bu fikirdədir ki, necəliyindən asılı olmayaraq, hər cür siqaretin çəkilməsi insanın nəfəs orqanlarının xərçəng xəstəliyinə tutulmasının başlıca mənbəyidir.
Bir sözlə, siqaretin “yaxşısına” da, “pisinə” də lənət.