CƏMİYYƏT
TƏBİB İsveçdə keçirilən fövqəladə hallara hazırlıq üzrə beynəlxalq təlimdə təmsil olunub
Stokholm, 5 iyun, AZƏRTAC
TƏBİB İsveçdə keçirilən fövqəladə hallara hazırlıq üzrə beynəlxalq təlimdə təmsil olunub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) əməkdaşları Avropa Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzi (European Centre for Disease Prevention and Control - ECDC) tərəfindən təşkil olunan “Fövqəladə hallara hazırlıq və cavab planlarını təkmilləşdirmək üçün simulyasiya təlimində (SimEx) iştirak ediblər. İsveçin paytaxtı Stokholm şəhərində keçirilən təlimdə iştirak edən TƏBİB-in əməkdaşları Emil İskəndərov, Vəfa Qocayeva və Atilla Turan Bayramov fövqəladə hallara hazırlıqla bağlı aktiv müzakirələrə qatılıblar.
Keçirilən təlimin məqsədi ictimai sağlamlıq şəraitində simulyasiya məşqlərinin hazırlanması istiqamətində ümumi təlimat verməkdən ibarət olub. Simulyasiya təlimləri hazırlıq planının və strategiyasının bir hissəsi olaraq, infeksion xəstəliklərlə bağlı hadisələrə adekvat cavab vermək üçün səlahiyyətli orqanlara və qurumlara kömək məqsədini daşıyır.
Qeyd edək ki, ixtisaslaşmış ictimai səhiyyə ekspertləri, xüsusən də cavab tədbirlərinin hazırlanmasına və ya simulyasiya təlimlərinin təşkilinə cavabdeh səlahiyyətli qurumlar üçün faydalı hesab edilir.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm