TƏBİB-in təşkilatçılığı ilə Şəki Rayon Mərkəzi Xəstəxanasında həkim-dermatoloqlarla görüş keçirilib
AzerTAg.az
Bakı, 29 iyun, AZƏRTAC
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə dəri-zöhrəvi, allerqoloji xidmətlərin təkmilləşdirilməsi və qarşılıqlı əlaqələrin effektiv qurulması istiqamətində Şəki Rayon Mərkəzi Xəstəxanasında (RMX) görüş keçirilib.
AZƏRTAC TƏBİB-in rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, görüşdə TƏBİB-in Multidisiplinar tibbi xidmətin təşkili şöbəsinin müdiri Vüsal Yusifov və aidiyyəti şöbənin əməkdaşları iştirak ediblər.
İki gün davam edən təlimlərdə Şəki, Zaqatala, Qax, Balakən, Qəbələ regionlarında fəaliyyət göstərən həkim-dermatoloq və həkim-allerqoloqlara, həmçinin RMX-nin həkim-infeksionist və həkim-terapevtlərinə dəri-zöhrəvi xəstəliklərin müayinəsi, son protokollara uyğun müalicə standartları haqqında geniş məlumatlar verilib.
Mühazirələrin sonunda iştirakçıları maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılıb.
Təlim müddətində Respublika Dəri-Zöhrəvi Mərkəzinin, 3 saylı Dəri-Zöhrəvi Dispanserinin və Nərimanov Tibb Mərkəzinin həkimləri tərəfindən Dermatoloji kabinet və laboratoriya şöbəsi ilə tanışlıq olub, nəzərdə tutulan müayinələrin aparılması, kadr potensialının gücləndirilməsi istiqamətində müzakirələr aparılıb.

Xəbərin mətnində orfoqrafik səhv var