CƏMİYYƏT
TƏBİB-in təşkilatçılığı ilə “Təməl həyat dəstəyi” mövzusunda təlimlər keçirilib
Bakı, 29 iyun, AZƏRTAC
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə Bakı, Sumqayıt, Göyçay, Quba təlim mərkəzlərində “Təməl həyat dəstəyi” mövzusunda təlimlər keçirilib.
AZƏRTAC TƏBİB-in rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, keçirilən təlimdə TƏBİB-in tabeli tibb müəssisələrində fəaliyyət göstərən Təcili Tibbi Yardım şöbələrindən həkim və tibb bacıları olmaqla 250 nəfər iştirak edib.
Kursun tədrisi Amerikanın Kardioloji Assosiasıyasının (AHA) “BLS” təliminə, ilkin yardım zamanı tətbiq olunan “ILCOR” təlimatlarına və ÜST-nin tövsiyələrinə əsasən aparılıb. Kurs iştirakçılarına standartlara uyğun ürək-ağciyər canlandırılması (CPR), avtomatik eksternal defibrilyatorun (AED) protokollara uyğun formada istifadəsi, huşu, tənəffüsü, nəbzi olmayan xəstə və yaralıya təməl həyat dəstəyi addımlarının protokollara uyğun tətbiq edilməsi, hava yolu tıxanması yaşayan xəstə və yaralıya uyğun texnikaların istifadəsi izah edilib.
Təlimlərin digər regionlarda da davam etdirilməsi nəzərdə tutulub.