CƏMİYYƏT
TƏBİB-in tibb müəssisələrində qida blokunda keçirilən monitorinqlər zamanı bir sıra nöqsanlar aşkarlanıb
Bakı, 4 iyul, AZƏRTAC
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrində 2020-2022-ci illər üzrə keçirilən yoxlamalar və monitorinqlər zamanı qida blokunda - ümumi qaydalar üzrə, ərzaqların qəbulu, anbarda saxlanılması, mətbəxə verilməsi və qablaşdırılıb xəstələrə çatdırılması üzrə bir sıra nöqsanlar aşkar edilib.
AZƏRTAC TƏBİB-in rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, qeyd olunan nöqsanlar nəzərə alınaraq TƏBİB tərəfindən tabeli tibb müəssisələrində çalışan personalın maarifləndirilməsi məqsədilə təlimlərin keçirilməsinə başlanılıb.
Təlimlər TƏBİB-in Qida və təsərrüfat mallarının planlanması şöbəsinin müdiri Kərəm Əliyev, şöbənin məsləhətçisi Ceyhun Səmədov və “Yeni Klinika”nın aşpaz heyəti tərəfindən keçirilib.
Şəki Rayon Mərkəzi Xəstəxanasında keçirilən təlimlərdə Ağsu, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Qax, Balakən rayon mərkəzi xəstəxanalarının qida sahəsi üzrə cavabdeh şəxsləri iştirak edib.
Təlim çərçivəsində 2020-2022-ci illər üzrə yoxlama zamanı aşkar edilən nöqsanların aradan qaldırılmasının yolları, ərzaq məhsullarının qəbulu, saxlanılması, mətbəxə verilməsi, ilkin və isti emalı mövzusunda geniş məlumatlar verilib. Həmçinin müalicəvi yeməklərin hazırlanmasında istifadə edilən ərzaqların düzgün emalının praktiki nümayişi də həyata keçirilib.