CƏMİYYƏT
TƏBİB tərəfindən Dünya Azərbaycanlılarının V Qurultayında xidmət göstərən tibb işçiləri təltif edilib
Bakı, 11 may, AZƏRTAC
Ulu öndəri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Dünya Azərbaycanlılarının V Qurultayı ilə əlaqədar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) ərazi tibb müəssisələrinin gücləndirilmiş iş rejimində çalışmış əməkdaşlarının təltif olunmasına həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC TƏBİB-ə istinadla bildirir ki, tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edilib.
TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycanda səhiyyənin inkişafına, tibb işçilərinə, o cümlədən həkimlərə həmişə xüsusi diqqət və qayğı göstərmiş, ölkəmizdə səhiyyənin inkişafı və tibbi kadrların hazırlanması məhz Ulu Öndərin adı ilə bağlıdır.
Vüqar Qurbanov Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı zamanı iştirakçıları tibbi xidmətlərlə təmin etmək üçün fəallığı ilə seçilən həmkarlarına təşəkkür edərək deyib: “Üç gün davam edən Dünya Azərbaycanlılarının V Qurultayında TƏBİB-in ərazi tibbi müəssisələri gücləndirilmiş iş rejimində çalışmışdır. Bu müddət ərzində Şuşa Modul Xəstəxanası 24 saat xidmət göstərmiş, tam təchiz olunmuş Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadaları xidmət başında olmuşdur. Eyni zamanda, tədbirdə iştirak edən şəxslərin COVlD-19 üzrə PZR test nümunələrinin götürülməsi də TƏBİB tərəfindən uğurla həyata keçirilmişdi. Mən bu işdə əməyi keçən hər kəsə minnətdarlığımı bildirirəm”.
Daha sonra xidmət göstərmiş 43 tibb işçisinə TƏBİB tərəfindən təşəkkürnamələr təqdim edilib.
Sonda tibb işçiləri adından çıxış edən Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədov Şuşada xidmət göstərməyin tibb işçiləri üçün böyük qürur olduğunu vurğulayıb. Onlara göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib.