DÜNYA
TACİKİSTAN ÜLƏMALAR ŞURASI QADINLARIN MƏSCİDDƏ DUA ETMƏSİNƏ QADAĞA QOYUR
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, Tacikistan İslam Mərkəzinin Üləmalar şurası hər həftə ölkənin bütün məscidlərində keçirilən kollektiv cümə namazında qadınların iştirakına qadağa qoyan fitva qəbul etmişdir.
Tacikistan hökuməti nəzdində Din İşləri Komitəsi sədrinin müavini agentliyin müxbirinə bildirmişdir ki, üləmalar bu qərarı verərkən ölkə müsəlmanlarının özlərini aid etdikləri Hənəfi sünni hüquq məktəbinin tövsiyələrini əsas tutmuşlar. Tövsiyələrdən birində deyilir ki, “qadının evdə dua oxuması daha yaxşı olar”. Onun sözlərinə görə, hökumət nə İslam Mərkəzinin, nə də digər dinlərin nümayəndələrinin fəaliyyətinə qarışmır. Bu, sırf dindaxili məsələdir və onu dindarların özləri həll etməlidirlər.
Bununla yanaşı, nüfuzlu din xadimlərinin bir qismi Üləmalar şurasının qərarına son dərəcə mənfi münasibət bildirərək, onu “qadınların hüquq bərabərliyi haqqında Konstitusiya qanunlarının kobud şəkildə pozulması” adlandırmışdır.