İQTİSADİYYAT
TƏDBİRLƏR GÖRÜLÜR
Cari ilin aprel ayının birinci ongünlüyündə un və un məmulatlarının qiymətinin artması ilə əlaqədar İqtisadi İnkişaf Nazirliyi tərəfindən araşdırmalar aparılmış, qiymətlərin qalxmasının qarşısının alınması üçün tədbirlər görülmüşdür. Nəticədə taxıl, eləcə də un və çörəyin qiymətləri yenidən aşağı düşmüşdür. Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qurumun Antiinhisar Siyasəti Departamenti monitorinq keçirmişdir. Müəyyən edilmişdir ki, un və un məmulatlarının qiyməti aprelin axırından başlayaraq aşağı düşsə də, əvvəlki səviyyəyə enməmişdir. Çörək və çörək məhsullarının aprel ayınadək olan dövrə nisbətən bahalaşması baş vermişdir. Bu ilin yanvar-mart aylarında unun əsas növlərinin 1 kiloqramının qiyməti 850-900 manat olduğu halda, apreldə isə 1200-1300 manata qalxmışdır.Doğrudur, görülən tədbirlər nəticəsində iyunun əvvəlində unun qiyməti 1100-1150 manatadək enmişdir. Lakin bu, əvvəlki qiymətlərdən 15-20 faiz bahadır. Hazırda İqtisadi İnkişaf Nazirliyi bu sahədə vəziyyəti normallaşdırmaq üçün ölkəyə sərfəli qiymətlərlə 200 min ton taxılın gətirilməsindən ötrü danışıqlar aparır.