İDMAN


TAEKVONDOÇULARIMIZ BU İL DÜNYA MİQYASLI YARIŞLARDA VƏ BEYNƏLXALQ TURNİRLƏRDƏ 19 QIZIL, 13 GÜMÜŞ VƏ 20 BÜRÜNC MEDAL QAZANMIŞLAR

AZƏRTAC xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyası yetirmələrinin 2005-ci il ərzində iştirak etdikləri beynəlxalq və yerli yarışlara yekun vurulmuşdur. Azərbaycan taekvondoçuları yola saldığımız ildə vətənə 52 medal gətirmişlər. Bunlardan 19-u qızıl, 13-ü gümüş, 20-si isə bürünc medallardır.

Azərbaycanın Dövlət himnini beynəlxalq arenalarda səsləndirən 4 idmançı xüsusilə fərqlənmişdir. Afina Olimpiya Oyunlarının iştirakçısı Niyaməddin Paşayev Riqada keçirilmiş qitə çempionatının qızıl medalına sahib olaraq, ikiqat Avropa çempionu adını qazanmaqla yanaşı, bir neçə beynəlxalq turnirin mükafatlarına da layiq görülmüşdür. Digər olimpiyaçımız Rəşad Əhmədov Almaniyanın Ştutqart şəhərində “Əjdaha kuboku” və İranda keçirilmiş “Fəcr” turnirlərinin, habelə Hollandiyanın açıq birinciliyinin qızıl, Avropa çempionatının isə bürünc medalını qazanmışdır. Elnur Amanov Avropa çempionatının və “Fəcr” turnirinin gümüş medalına sahib olmaqla yanaşı, “Əjdaha kuboku” və İzmirdə İsmət İrazın xatirəsinə həsr olunmuş beynəlxalq turnirlərdə fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır. Şəhrun Yusifova İsveçin açıq çempionatının gümüş, Avropa çempionatının və İsmət İrazın xatirəsinə həsr olunmuş turnirin bürünc medalını qazanmışdır.

Milli komanda məşqçilərinin, habelə mütəxəssislərin rəyinə görə, ikiqat Avropa çempionu olmuş Niyaməddin Paşayev ilin taekvondoçusu seçilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.