REGİONLAR
TAGEM-in nümayəndə heyəti elmi-tədqiqat institutlarında olub
Bakı, 11 oktyabr, AZƏRTAC
Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Kənd Təsərrüfatı Araşdırmaları və Siyasəti İdarəsinin (TAGEM) nümayəndə heyəti Azərbaycanda səfərdə olub. İdarənin sədr müavini İhsan Emiralioğlu, Doğu Ağdəniz Əkinçilik Araşdırma İnstitutunun müdiri Abdulah Çil, Nazilli Pambıq Araşdırma İnstitutunun müdiri Koray Şimşek və həmin institutun seleksiyaçı alimi Sedat Süllü Bitki Mühafizə və Texniki Bitkilər İnstitutunun Beyləqan rayonunda yerləşən Mil Təcrübə Stansiyasında əkilmiş pambıq sahələrinə baxış keçiriblər. Türk texnologiyası əsasında əkilmiş pambığın məhsuldarlığı yüksək qiymətləndirilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyəti daha sonra Əkinçilik Elmi-Tədqiqat İnstitutunda olub. İnstitutun direktoru Cavanşir Təlai Adana Əkinçilik Araşdırmalar İnstitutu ilə birgə həyata keçirilən “Azərbaycanda hibrid qarğıdalı toxumçuluğunun təşkili” layihəsi haqqında məlumat verib. Layihənin beynəlxalq eksperti İbrahim Ceritin və layihənin Azərbaycan tərəfindən məsul icraçısı, “Bitki seleksiyası” şöbəsinin böyük elmi işçisi Həlimə Məmmədovanın iştirakı ilə istixana şəraitində “Double haploid” texnikası ilə yaradılmış təcrübə sahəsinə baxış keçirilib, əməkdaşlığın növbəti mərhələsi müzakirə olunub.
Türkiyəli qonaqlar səfər çərçivəsində Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda olaraq həyata keçirilən işlərlə yaxından maraqlanıblar. İnstitutun direktoru Elmar Allahverdiyev tərəvəz və bostan bitkilərinin toxumçuluq işlərinin təşkili haqqında danışıb. İstixanalarda müasir texnologiyalar əsasında həyata keçirilən əkin işləri təhlil olunub, tərəvəz toxumçuluğunun birgə təşkili sahəsində əməkdaşlıq istiqamətləri müəyyən edilib.
Kənd Təsərrüfatı Araşdırmaları və Siyasəti İdarəsinin (TAGEM) nümayəndə heyəti Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutuna da baş çəkiblər. İnstitutun direktoru Vüqar Səlimov üzümçülük istiqamətində həyata keçirilən işlər haqqında məlumat verib, Azərbaycanda bu sahənin elmi potensialının gücləndirilməsi istiqamətində gələcək hədəflər haqqında qonaqları məlumatlandırıb. Qonaqlar institutun laboratoriyaları və emal sexi ilə yaxından tanış olub, TAGEM nəzdində fəaliyyət göstərən müvafiq elmi-tədqiqat institutu ilə birgə əməkdaşlığın həyata keçirilməsi haqqında razılıq əldə edilib.
Qeyd edək ki, Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Kənd Təsərrüfatı Araşdırmaları və Siyasəti İdarəsi (TAGEM) ölkə ərazisində fəaliyyət göstərən aqrar xarakterli elmi müəssisələrin fəaliyyətini idarə və koordinasiya edir. Nümayəndə heyətinin Azərbaycana səfərinin əsas məqsədi qarşılıqlı elmi əlaqələrin qurulmasıdır.