SİYASƏT
“TƏHLÜKƏSİZLİK KONSEPSİYASI HAQQINDA” QANUNLAR PAKETİ HAZIRLANMIŞDIR
Milli Məclisin müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının fevralın 7-dəki iclasında 2002-ci ilin payız sessiyasında görülən işlər və 2003-cü ilin yaz sessiyasının iş planı müzakirə edilmişdir. Ötən ilin payız sessiyasında komissiya 2003-cü ilin dövlət büdcəsi haqqında qanuna müdafiə və təhlükəsizlik sistemlərinə ayırmalarla bağlı təkliflər paketi, Azərbaycan Silahlı Qüvvələri taqımının Əfqanıstanda sülhyaratma əməliyyatlarında iştirakına icazə verən qanun layihəsi hazırlamış, “Məşğulluq haqqında” Qanunun tətbiqi ilə əlaqədar bir sıra qanunlara əlavə və dəyişikliklər olunmasında yaxından iştirak etmişdir. 2003-cü ilin yaz sessiyasında “Terrorizmlə mübarizə haqqında”, “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında”, “Müdafiə haqqında” qanunlara əlavə və dəyişikliklər edilməsi nəzərdə tutulur. Milli Məclis sədrinin müavini, komissiyanın rəhbəri Ziyafət Əsgərov demişdir ki, Azərbaycan Prezidenti qanunvericilik təşəbbüsü ilə “Təhlükəsizlik konsepsiyası haqqında” qanunlar paketini yaxın vaxtlarda parlamentə göndərəcək. Həmin qanunlar paketi və yeni Seçgi Məcəlləsi də yaz sessiyasında müzakirə ediləcəkdir.