ELM VƏ TƏHSİL
TƏHSİLƏ GÖRƏ ƏRZAQ PROQRAMI GENİŞLƏNDİRİLƏCƏKDİR
BMT-nin Dünya Ərzaq Proqramı (DƏP) ilə Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Təhsilə görə ərzaq proqramı” hazırda ölkəmizin 10 rayonundakı 98 orta ümumtəhsil məktəbinin ibtidai siniflərində təhsil alan 5300 şagirdi əhatə edir.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, DƏP aprel ayından başlayaraq, respublikamızda “Təhsilə görə ərzaq proqramı”nın genişləndirilməsi məqsədi ilə onun reallaşdırıldığı məktəblərdə Mükəmməl Monitorinq Sisteminin qurulması layihəsini həyata keçirməyi planlaşdırmışdır. Buna görə DƏP-in maliyyə dəstəyi ilə ölkəmiz üçün beynəlxalq məsləhətçi və proqram üzrə köməkçi təyin olunmuşdur. Həmin məsul şəxslərin nazirliyin əlaqədar əməkdaşları ilə birgə yerlərdə məşğələlər keçirmələri nəzərdə tutulmuşdur. Məşğələlərdə icra hakimiyyəti orqanları nümayəndələri, məktəb direktorları və müəllimlər iştirak edəcəklər.