ELM VƏ TƏHSİL
TƏHSİL İŞÇİLƏRİNİN RESPUBLİKA TOPLANTISI KEÇİRİLMİŞDİR
Prezident Administrasiyasının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin müəllimlərinə təbrik məktubunu oxumuşdur.
Ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Təhsil naziri Misir Mərdanov toplantıda çıxış edərək demişdir ki, Beynəlxalq Müəllimlər günü bütün dünyada, eləcə də ölkəmizdə 1994-cü ildən qeyd edilir. Azərbaycan Prezidenti İlham Əliyevin müəllimlərə ünvanladığı təbrik məktubu, 89 nəfərə “Əməkdar müəllim” fəxri adının verilməsi ölkənin 200 minlik müəllim kollektivi tərəfindən böyük razılıq hissi ilə qarşılanmışdır. Təbrik məktubunda həm təhsilimizin keçmişinə, qazandığı uğurlara, həm də bugünkü vəziyyətinə qiymət verilir, qarşıda duran vəzifələr aydın göstərilir.
Nazir, eyni zamanda, ulu öndərimiz Heydər Əliyev tərəfindən hazırlanmış təhsil islahatları proqramının indi müasir tələblər səviyyəsində uğurla həyata keçirilməsindən danışmışdır.
Sonra ötən dərs ilinin yekunlarına görə, “İlin ən yaxşı müəllimi” adını qazanmış 14 nəfərə diplom və pul mükafatları, bir qrup müəllimə isə “Qabaqcıl təhsil işçisi” vəsiqəsi və döş nişanı təqdim edilmişdir.
Toplantıda Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.