ELM VƏ TƏHSİL
TƏHSİL NAZİRLİYİNDƏ KOLLEGİYA İCLASI KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, ali məktəblərin, rayon təhsil şöbələri rəhbərlərinin və pedaqoqların iştirak etdikləri iclasda təhsil naziri Misir Mərdanov məruzə ilə çıxış edərək Azərbaycan təhsilinin inkişafında xalqımızın ümummilli lideri Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışmışdır.
Respublikamızın orta ümumtəhsil məktəblərinin buraxılış siniflərinin və ali təhsil müəssisələrinə tələbə qəbulunun nəticələrindən bəhs edən nazir bildirmişdir ki, cari ildə, ümumiyyətlə, 100.503 nəfərə orta təhsil haqqında attestat verilmiş və ali məktəblərə 24 min 115 gənc qəbul olmuş, onlardan 384 nəfəri 600-dan çox bal toplamış, qəbul planı 87,81 faiz yerinə yetirilmişdir.
Nazir eyni zamanda, ali məktəblərin reytinqi, fənlər üzrə göstəricilər, məzunları yüksək nəticə göstərmiş rayonlar və ən yaxşı məktəblər haqqında məlumat vermişdir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədr müavini Namiq Babayev builki tələbə qəbulunun nəticələrini ətraflı şərh etmişdir.
Prezidentin İcra Aparatının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə çıxış edərək dedi ki, Ümumdünya Sammitində ölkəmizin Prezidenti İlham Əliyev dövlətimizin və xalqımızın informasiya cəmiyyəti qurmağa hazır olduğunu bildirmişdir. Bu cəmiyyətin əsas tələbi təbii ki, bilik və elm olacaqdır. Ona görə də elm və təhsilimizi dinamik inkişaf etdirməliyik.
Respublikamızın təhsil sisteminin uğurlarından və problemlərindən danışan natiq təhsillə bağlı mükəmməl bir dövlət proqramı hazırlanmasının və ölkəmizdə mövcud olan təhsil ocaqlarının regional baxımdan optimal bir modelinin yaradılmasının vacibliyini diqqətə çatdırmış, öz tövsiyələrini vermiş və təhsilin inkişafında xidmətləri olan müəllimlərə təşəkkürünü bildirmişdir.
Çıxış edən digər natiqlər ölkəmizdə təhsilin inkişafı ilə bağlı fikir və mülahizələrini söyləmişlər.
Sonra təhsildə fərqlənən bir qrup müəllimə pul mükafatı verilmişdir.