ELM VƏ TƏHSİL
TƏHSİL NAZİRLİYİ PULSUZ DƏRSLİKLƏRİN MƏKTƏBLƏRƏ PAYLANMASINA BAŞLAMIŞDIR
Sərəncamda V sinif üzrə Azərbaycan bölməsində 160 min, rus bölməsində 12 min şagirdin, həmçinin, 10 məcburi köçkün rayonun (Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocalı, Xocavənd, Kəlbəcər, Laçın) 692 məktəbində təhsil alan 90170 nəfər I-XI sinif şagirdlərinin dərsliklərlə pulsuz təmin edilməsi nəzərdə tutulmuşdur. Buraya V-XI siniflər üçün 66 adda dərslik, o cümlədən V siniflərin Azərbaycan bölməsi üçün “Azərbaycan dili”, “Ata yurdu”, “İngilis dili”, “Təbiətşünaslıq”, “Ədəbiyyat”, “Riyaziyyat”, “Fransız dili”, rus bölməsi üçün isə “Oteçestvo”, “Anqliyskiy yazık”, “Prirodovedeniye”, “Literatura” (I və II hissə), “Azərbaycan dili”, “Muzıka”, habelə VI-XI siniflər üçün 53 adda dərslik daxil edilmişdir.
Sərəncamın icrası ilə bağlı Təhsil Nazirliyində müvafiq qurumlar və nəşriyyat rəhbərləri ilə operativ müşavirələr keçirilmiş, tədbirlər görülmüş və bunun nəticəsində avqustun son günlərindən başlayaraq, həmin dərsliklərin nazirliyin Maddi-Texniki Təchizat İdarəsinə təhvil verilməsinə və oradan da paylanmasına başlanmışdır.
Təhsil Nazirliyi onu da bildirir ki, V sinif şagirdlərinə və məcburi köçkün rayonların müstəqil məktəblərində təhsil alan qaçqın və məcburi köçkün uşaqlara dərsliklər sentyabr ayı ərzində çatdırılacaqdır. Bu müddətdə isə şagirdlər məktəblərdə olan mövcud dərslik fondundan istifadə etməlidirlər.
Valideynlərə tövsiyə olunur ki, həmin siniflərdə təhsil alan uşaqları üçün yuxarıda adı çəkilən dərslikləri almasınlar.