ELM VƏ TƏHSİL
TƏHSİL PROSESİ MƏKTƏBƏQƏDƏR TƏRBİYƏ MÜƏSSİSƏLƏRİNDƏN BAŞLANIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, bu fikir Astara müəllimlərinin rayon mədəniyyət evində keçirilən ənənəvi sentyabr konfransında səslənmişdir.
Tədbir iştirakçıları əvvəlcə Astara şəhərinin Heydər Əliyev parkında ümummilli liderimizin abidəsi önünə əklil və gül dəstələri qoymuş, ulu öndərin xatirəsini ehtiramla yad etmişlər. Konfrans nümayəndələri, həmçinin mədəniyyət evinin foyesində təşkil edilmiş rayon uşaq yaradıcılıq mərkəzi şagirdlərinin əl işlərindən ibarət sərgi ilə də tanış olmuşlar.
Toplantıda rayon təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova 2007-2008-ci tədris ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr barədə hesabat məruzəsi ilə çıxış etmişdir.
2008-ci ildə rayonun ümumtəhsil məktəblərini bitirən məzunlardan 101 nəfərinin ölkəmizin müxtəlif ali, 70 nəfərinin orta ixtisas, 40 nəfərinin özəl ali məktəblərə daxil olduğunu bildirən məruzəçi, ali məktəblərə qəbul imtahanları zamanı 5 abituriyentin 600-dən, 14 nəfərin isə 500-dən yuxarı bal topladığını, Maşxan kənd orta məktəbinin riyaziyyat müəllimi Müzəfffər Hacıyevin «Ən yaxşı müəllim» respublika müsabiqəsinin qalibi kimi Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə pul mükafatına layiq görüldüyünü diqqətə çatdırmışdır.
Qeyd olunmuşdur ki, 2007-2008-ci tədris ilində rayonun Şiyəkəran kənd 2 nömrəli orta məktəbi üçün 420, Şahağac, Səncərədi və Rinə kənd orta məktəbləri üçün 360, Pensər kənd 2 nömrəli məktəb-liseyi üçün 480, 4 nömrəli şəhər orta məktəbi üçün 400 və Marzəsəy kənd əsas məktəbi üçün 180 şagird yerlik yeni məktəb binalarının tikintisinə başlanmış, 3 nömrəli şəhər, Kijabə qəsəbə və Ərçivan kənd 4 nömrəli məktəblərində əsaslı təmir işləri aparılmışdır.
Tədbirdə Astara Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev çıxış edərək, yeni dərs ilinin başlanması ilə əlaqədar rayonun təhsil işçilərini təbrik etmiş, ötən ildə müvəffəqiyyət qazanmış müəllimlərin bir qrupuna fəxri fərmanlar və pul mükafatları təqdim etmişdir.
Konfransda çıxış edən təhsil nazirinin müavini Elmar Qasımov rayonun təhsil işçilərinin fəaliyyətini qənaətbəxş qiymətləndirmiş, ölkəmizdə aparılan təhsil islahatları və bununla bağlı qəbul edilmiş proqramların əhəmiyyətindən danışmış, son 5 ildə Azərbaycanda 1340 yeni məktəbin tikildiyini, bu il birinci sinifdə təhsil alacaq 122537 şagirdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə pulsuz məktəbli çantaları və dərs ləvazimatlarının veriləcəyini bildirmişdir.
Təhsil prosesinin məktəbəqədər təhsil müəssisəsindən başlandığını vurğulayan E.Qasımov, MDB məkanında yalnız Azərbaycanda bütün məktəblərin pulsuz dərsliklərlə təmin olunduğunu diqqətə çatdırmışdır.
Konfransda Azərbaycan müəllimlərinin XIII qurultayına nümayəndələr seçilmişdir.
X X X
Konfrans öz işini başa çatdırdıqdan sonra təhsil nazirinin müavini Elmar Qasımov Astara Pedaqoji Texnikumuna gələrək burada aparılan əsaslı təmir işlərinin gedişi ilə maraqlanmışdır.