ELM VƏ TƏHSİL
TƏHSİL, RABİTƏ VƏ İNFORMASİYA TEXNOLOGİYALARI NAZİRLİKLƏRİNİN BİRGƏ KOLLEGİYA İCLASI KEÇİRİLMİŞDİR
İclasda təhsil naziri Misir Mərdanov “Təhsildə informasiya və kommunikasiya texnologiyalarının tətbiqi” mövzusunda məruzə etmişdir. O demişdir ki, təhsil sistemində İKT-dən istifadə inkişafın tələbidir. Kütləvi İKT savadlılığının təmin olunmasının dövlətə verdiyi fayda istənilən sənaye yeniliyinin verdiyi faydadan bir neçə dəfə artıqdır. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən təsdiq olunmuş təhsil islahatı proqramının əsas məqsədi təhsilin keyfiyyətinin yüksəldilməsi, təhsil sektorunun bazar iqtisadiyyatının ehtiyaclarına uyğunlaşdırılmasıdır. Aparılan islahatların başlıca istiqamətlərindən biri də təhsil sisteminin informasiya təminatının yaradılması kimi müəyyənləşdirilmişdir.
Bildirilmişdir ki, hazırda Təhsil Nazirliyi Dünya Bankının maliyyə dəstəyi ilə Təhsil Sektorunun İnkişafı Layihəsini (2003-2007-ci illər) həyata keçirir. Layihənin alt-komponentlərindən biri məhz Təhsilin İdarə Olunmasının Məlumat Sistemlərinin (TİMS) qurulmasıdır. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)” bu istiqamətdə atılmış ən əhəmiyyətli addım olmuşdur.
Nazir demişdir ki, İKT proqramına uyğun olaraq, 2005-ci ildə 218 məktəb kompyuterlə təmin edilmişdisə, cari ildə onların sayı 841-ə çatacaq, 435 məktəbə isə noutbuk və proyektorlar veriləcəkdir.
Məruzədə İKT ilə təminat sahəsində qarşıda duran ən ciddi problemlərdən birinə - ayrı-ayrı fənlər üzrə proqram təminatının, başqa sözlə, elektron təlim materiallarının yaradılmasına da toxunulmuş və bildirilmişdir ki, artıq 4 əsas fənn üzrə proqram təminatı hazırlanmışdır.
Nazir dünya təcrübəsində geniş istifadə edilən “elektron məktəb” layihəsinin həyata keçirilməsindən, müxtəlif qurumlarla əməkdaşlıqdan, qabaqcıl ölkələrin təcrübəsindən istifadə olunmasından da bəhs etmişdir. Bildirilmişdir ki, 2004/2005-ci dərs ili üçün hazırlanmış tədris planlarında informatika fənninin 1-ci sinifdən başlayaraq tədrisinə keçilmiş, 1-11-ci siniflər üçün yeni proqram təsdiq edilmişdir. V sinif üçün informatika dərsliyi artıq istifadədir, VI-VII siniflərin informatika dərslikləri isə hazırlanma mərhələsindədir. Yeni nəsil elektron dərsliklər hazırlanmasına verilən tələblər işlənilmiş, dərsliklərin (elektron nəşr və resursların) yaradılmasına başlanmışdır.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov rabitə və informasiya texnologiyalarının tətbiqinin ölkəmizin prioritetlərinə daxil olduğunu vurğulamış, “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)”, “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)” kimi mühüm sənədləri xatırlatmış, onların yerinə yetirilməsi vəziyyətindən danışmışdır. O bildirmişdir ki, rəhbərlik etdiyi qurum təhsildə İKT-nin tətbiqi işində Təhsil Nazirliyinə mümkün olan bütün köməyi göstərəcəkdir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin şöbə müdiri Rüfət Gülməmmədovun “Ümumtəhsil məktəbləri müəllimləri üçün təlim kurslarının təşkili” məruzəsi, “Aztelekom” İstehsalat Birliyi, “Ultra” və “SİNAM” şirkətləri rəhbərlərinin çıxışları da maraqla dinlənilmişdir.
Gəncə, Şəki şəhər, Quba, Bərdə rayon təhsil şöblərinin rəhbərləri videokonfrans vasitəsilə öz rəy və təkliflərini bildirmişlər.
Sonra biologiya və Azərbaycan tarixi fənlərinə aid tədris, “Azərbaycanın neft strategiyası”, “Əsrin müqaviləsi”, “BTC əsas ixrac boru kəməri” adlı sənədli filmlərin təqdimatı olmuşdur.
Kollegiya iclasında müzakirə olunan məsələlərlə bağlı qərar qəbul edilmişdir.
İclasdan sonra nazirlər məktəbin İnformatika kabinetində və kitabxanasında oldular. Əli Abbasov kitabxanaya kompyuter verəcəyini vəd etdi, məktəb kitabxanasını elektron kitabxana sisteminə qoşmaq barədə nazirliyin müvafiq şöbəsinə göstəriş verdi. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi adından məktəbin akt salonuna 2 ədəd müasir kondisioner hədiyyə olundu.